İki milyonluq oğurluq edən "alpinist"in cinayət zamanı anlaqsız olduğu deyilib

Cavid Süleymanov və Əhməd Əhmədov

© APA | Cavid Süleymanov və Əhməd Əhmədov

# 06 may 2022 11:34 (UTC +04:00)

Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə ittiham olunan Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı edib. Cavid Süleymanovun vəkilli çıxışında dövlət ittihamçısının müvəkkili barəsində tələb etdiyi cəzasının həddən artıq ağır olduğunu deyib. Müdafiəçi bildirib ki, Cavid Süleymanov ağır psixi xəstəlikdən əziyyət çəkir və cinayət törədən zaman da anlaqsız vəziyyətdə olub. Daha sonra ittiham olunan Əhməd Əhmədov son söz deyərək məhkəmədən yüngül cəza təyin etməyi xahiş edib.

O, cinayət işində sadəcə, müşahidəçi olduğunu bildirib. Əhməd Əhmədov təcridxanada olduğunu 1 ilin onun üçün 10 ilə bərabər olduğunu vurğulayıb.

Cavid Süleymanov son sözə hazır olmadığı üçün proses mayın 13-ə təxirə salınıb.

Xatırladaq ki, ittihama görə, Əhməd Əhmədov və Cavid Süleymanov Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.

Zərərçəkənlər arasında futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama əsasən, V.Mirzəyevə 167 min manat ziyan vurulub.

Oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR