İmişli İH-nin maliyyə şöbəsinin müdiri Vilyam Hacıyevin məhkəməsində ifadə verib

Vilyam Hacıyev

© APA | Vilyam Hacıyev

# 25 aprel 2022 14:07 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, bu gün hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda məcburi gətirilmiş şahidlər dindirilib. Rayon Yaşıllaşdırma idarəsinin müdiri işləmiş Mirqayıb Sarıyev deyib ki, işlədiyi müddətdə abadlıq işləri üçün ümumilikdə 30 min manat pul verib. O, pulu maliyyə idarəsinin müdiri Rəhim Rəhimova verdiyini bildirib:

"Rayonda aparılan abadlıq işləri üçün vəsait lazım idi. Həmin məbləğə fəhlələr üçün xüsusi geyimlər alınıb".

Vilyam Hacıyev şahidin ifadəsini təsdiqləyərək deyib ki, həmin məbləğ iş üçün geyim alınmasına xərclənib və rüşvət kimi alınmayıb.

Daha sonra cinayət işi üzrə ən çox adı çəkilən rayon İcra Hakimiyyətinin maliyyə idarəsinin müdiri Rəhim Rəhimov dindirilib. Şahid bildirib ki, Vilyam Hacıyev icra başçısı təyin olunduqdan sonra İmişlidə abadlıq işlərinə başlanılıb. Buna görə də ayrı-ayrı iş adamları rayona gəlib. Aparılan işlərin qarşılığında ayrılan vəsait isə çox aşağı olduğu üçün müəyyən miqdarda borclar yaranıb: "Görülən işlərin vəsait həcmi çox böyük olduğu üçün ödəmək mümkün deyildi. Vilyam Hacıyev də iclas keçirərək deyib ki, yaranan borcları ödəmək lazımdır".

Şahidin hazırkı ifadəsi ilə istintaq zamanı dedikləri arasında ziddiyyətlər olduğu üçün istintaq zamanı verdiyi ifadəsi elan olunub. Rəhim Rəhmanov ibtidai istintaqa verdiyi ifadəsində bildirib ki, "Nepal" MMC-yə tikinti abadlıq işləri üçün 193 min manat ayrılıb. Həmin pulun 70 min manatı isə nağd şəkildə çıxarılaraq baş mühasib Cəmil Musayevə verilib: "Vəsait Malik Cəfərov adlı şəxsin hesabına köçürüldü, ordan da nağd şəkildə çıxarılaraq Cəmilə verilib. Pulun 10 min manatını da mən götürmüşdüm. 10 min manatı əvvəl rayonda keçilən layihələrdən birinə köçürdüm, lakin sonradan geri götürdüm".

Şahid istintaqda dediklərini təsdiq edərək həqiqətən də həmin pulun Cəmil Musayevə çatdığını deyib.

Vilyam Hacıyevin vəkili şahidin ifadəsinin başa düşülən olmadığını bildirərək etirazını bildirib. Hakim Azər Paşayev şahidə məhkəmədə olduğunu xatırladıb. Şahid son olaraq onun hansısa vəsaiti nağdlaşdırmaq ixtiyarının olmadığını bildirərək sözügedən 70 min manat pulun baş mühasib Cəmil Musayevə çatdığını deyib.

Təqsirləndirilən icra başçısı isə həmin pulun görülən işlərə xərcləndiyini deyib.

Proses mayın 6-da davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR