İmişlidə brakonyerliyə qarşı reyd keçirilib - FOTO - VİDEO

İmişlidə brakonyerliyə qarşı reyd keçirilib - FOTO  - VİDEO
# 18 yanvar 2022 08:56 (UTC +04:00)

İmişlidə brakonyerliyə qarşı reyd keçirilib, sintetik tor və qanunsuz ov qurğuları sudan çıxarılaraq məhv edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna verilən məlumatına görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının və Azərbaycan Balıqçılar İttifaqının nümayəndələrinin iştirakı ilə Araz çayının rayon ərazisindən keçən hissələrində, eləcə də bir neçə su kanalında qanunsuz balıq ovuna qarşı reyd keçirilib. Keçirilən reyd zamanı su hövzələri boyunca quraşdırılan qanunsuz sintetik torlar, balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ ləvazimatlar polis əməkdaşları tərəfindən sudan çıxarılıb. Bundan əlavə, reyd zamanı brakonyerlərin istifadə etdiyi taxta qayıqlar, rezin təkərlər, kanalların bir neçə hissəsində balıq ovu üçün istifadə olunan qurğular da aşkarlanaraq sudan götürülüb.

İstifadəsi qanunla qadağan edilmiş vasitələrin hamısı həmin ərazidə yandırılaraq məhv edilib. Reyd zamanı torlarda aşkarlanan diri balıqlar isə yenidən suya buraxılıb.

Reydlərin keçirilməsində məqsəd balıqların kürüləməsi zamanı balıqların qeyri-ənənəvi üsullarla ovlanmasının, həmçinin su hövzələrində balıqlarını sayının kəskin azalmasının qarşısını almaqdır. Eyni zamanda kustar üsulla hazırlanan ləvazimatlarla ovlanan balıqların kütləvi zədələnməsi və məhv olmasının da qarşısını almaq reydlərin keçirilməsində prioritet rol oynayır.

Bu istiqamətdə tədbirlər RPŞ-nin əməkdaşları tərəfindən mütəmadi olaraq reydlər davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR