İsmayıllıda avtomobili sel aparıb, sürücü xəsarət alıb - FOTO

İsmayıllıda avtomobili sel aparıb, sürücü xəsarət alıb  - FOTO
# 17 may 2022 15:53 (UTC +04:00)

İsmayıllı rayonu ərazisindən keçən Girdiman çayına sel gəlib, nəqliyyat vasitəsini çay aparıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Zərnava kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Zamiq Tofiq oğlu idarə etdiyi 99-MV-259 dövlət nömrə nişanlı "UAZ" markalı avtomobillə Girdiman çayından keçərək kəndinə gedərkən güclü sellə qarşılaşıb.

O, avtomobili çaydan çıxara bilməyib, sel suları avtomobili bir neçə dəfə aşıraraq aparıb. Sürücü Zamiq Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alsa da, suda boğulmaqdan xilas olub. Sürücü yaxınlıqdakı insanların köməyi ilə sudan çıxarılaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edək ki, Zərnava kəndinə getmək üçün vətəndaşlar Girdiman çayı üzərindəki piyada körpüsündən istifadə edirlər və avtomobil körpüsü olmadığı üçün nəqliyyat vasitələri su az olduqda çayın içərisindən keçirlər. Bəzən çaya qəflətən gələn sel nəticəsində oradan keçən avtomobillərə, mal-qaraya ziyan dəyir, tələfat baş verir. Həmin ərazidə avtomobil körpüsünün inşasına böyük ehtiyac var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR