Kürdəxanıda evdə yanğın olub, körpə əkiz bacılar ölüb - YENİLƏNİB 4 - VİDEO

Kürdəxanıda evdə yanğın olub, körpə əkiz bacılar ölüb  - YENİLƏNİB 4  - VİDEO
# 29 iyun 2022 10:53 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Kürdəxanıda evdə baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən APA-ya verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli kürsülü evin (tikintisi başa çatmayıb, iki otağında yaşayış olub) dəhlizinin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 20 m² sahədə, mətbəxinin tavanı 8 m² sahədə yanıb.

Yanğın bölmələri hadisə yerinə çatana kimi 7 nəfər (onlardan 4-ü uşaqdır) xəstəxanaya aparılıb. Uşaqlardan ikisi xəstəxanada vəfat edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

10.44

Sabunçu rayonunda baş vermiş yanğın zamanı zərər çəkmiş şəxslər 29.06.2022-ci il tarixində saat 08:10 radələrdində ağır yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə daxil olub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşlara zəruri tibbi yardım göstərilib, vəziyyətləri ağır olaraq qiymətləndirilir.

10:14

Kürdəxanı qəsəbəsində baş verən yanğında iki körpə - əkiz bacılar ölüb.

APA-nın əldə etdiyi xəbərə görə, yanğın zamanı 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər.

Yanğın zamanı 2019-cu il təvəllüdü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov, 1998-ci il təvəllüdlü Hamiyə Abbasova, Rövşən Abbasov və Qafar Abbasov yanıq xəsarətləri alıb.

***

09.57

TƏBİB Sabunçu rayonu, Kürdəxananı qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi evdə qeydə alınan yanğında xəsarət alanlarla bağlı açıqlama verib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yanğında xəsarət alanlar səhər saatlarında Yanıq Mərkəzinə yerləşdirilib. Hazırda onların müayinələri davam etdirilir. Xəsarət alanların səhhəti ilə bağlı ətraflı məlumat veriləcək.

***

09:41

Bakıda evdə yanğın olub.

APA xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi evdə qeydə alınıb.

Evdə baş verən yanğın zamanı 1 yaşlı körpə ölüb, 5 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. Yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerindədir.

Səlcuq Elçin

Yetər Kərimli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR