Keçmiş məhkum dayısını qətlə yetirib - YENİLƏNİB-1

Keçmiş məhkum dayısını qətlə yetirib - YENİLƏNİB-1
# 16 sentyabr 2019 17:22 (UTC +04:00)

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Lənkəranda törədilən qətllə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, Lənkəran rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.

Belə ki, sentyabrın 14-də 1956-cı il təvəllüdlü Liman şəhər sakini Eyvaz Yusubovun yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, şahidlər müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin tamah məqsədilə Lənkəran rayonu, Liman şəhər sakinləri - 1969-cu il təvəllüdlü Vidadi Hüseynovun, tanışları - 1987-ci il təvəllüdlü Vüsalə Mirzəyeva və 1988-ci il Emil Quliyev ilə birlikdə qabaqcadan razılığa gəlməklə törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində V.Hüseynov, V.Mirzəyeva və E.Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Saat 12:54

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sentyabrın 14-də Lənkəran rayonunun Liman şəhərində Eyvaz Yusubovun üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tamah məqsədilə qətli törətməkdə şübhəli bilinən Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuş bacısı oğlu V.Hüseynov, əvvəllər məhkum olunmuş E.Quliyev və V.Mirzəyeva saxlanılıblar.

***

12:37

Lənkəranda qətl törədilib.

APA-nın məlumatına görə, Liman şəhər sakini, 1956-cı il təvəllüdlü Eyvaz Məcid oğlu Yusubovun meyiti yaşadığı R. Rza küçəsindəki evində qonşusu tərəfindən aşkarlanıb.

Hüquq-mühafizə orqanları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, müaviq ekspertizalar təyin edilib.

Meyitin ilkin müayinəsi zamanı onun üzərində zorakılıq ələmətlari aşkarlanıb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istinta hərəkətləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR