Lənkəranda torpaq sürüşməsi olub, evlər təhlükə ilə üzləşib - FOTO - VİDEO

Lənkəranda torpaq sürüşməsi olub, evlər təhlükə ilə üzləşib - FOTO  - VİDEO
# 15 noyabr 2022 12:07 (UTC +04:00)

Lənkəran rayonunun Vilvan kəndində torpaq sürüşməsi olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, torpaq sürüşməsi nəticəsində 10-a yaxın ailənin yaşadığı evlər və həyətyanı sahələrdə problemlər yaranıb. Torpaq sürüşməsinin baş verməsinə son günlər cənub bölgəsində yağan aramsız yağışlar səbəb olub.

Kəndin ərazisindən keçən Veravul çayının daşması nəticəsində sel suları sakinlərin torpaqlarını, əkin sahələrini basıb, 500-ə yaxın sitrus ağacını kökündən çıxarıb.

Sakinlər bildirib ki, bu problemlə illərdir ki, üzləşirlər. Vaxtilə bu ərazilərdə evlər tikiləndə, çayla evlər arasında 30-35 metrə qədər məsafə olub. İndi isə bu məsafə 12-15 metrdir.

Yuxarı Xanbulançay İstismar idarəsinin rəisi Allahyar Salayev APA-nın cənub bürosuna bildirib ki, Veravul çayı məcrasında baş vermiş sürüşmə ilə əlaqədar həmin ərazi mütəxəssislər tərəfindən qeydiyyata alınıb və yaxın gələcəkdə layihə smeta sənədləri hazırlandıqdan sonra işə başlanılacaq.

İdarə rəisi onu da qeyd edib ki, son illərdə Lənkəran çaylarında 5 km-ə qədər uzunluqda betondan sahilbərkitmə işləri görülüb. Bunun 1500 metr hissəsi Veravul çayının ərazisinə düşür. Əhalini sel sularından qorumaq üçün yaxın zamanlarda başqa müvafiq tədbirlərin görülməsi də nəzərdə tutulub.

Qeyd edək ki, 10-a yaxın ailənin yaşadığı ərazidə sürüşmə zonasının hələ də aktiv olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR