Lerikin Hamarmeşə kəndində torpaq sürüşməsi aktivləşib - FOTO

Lerikin Hamarmeşə kəndində torpaq sürüşməsi aktivləşib - FOTO
# 06 iyun 2023 09:59 (UTC +04:00)

Lerik rayonunun Hamarmeşə kəndinin Qoqaçöl məhəlləsi və ya Yuxarı məhəllə deyilən ərazidə yaşayan 15 ailə və bir məktəb təcrid olunma təhlükəsi ilə üz – üzə qalıb.

APA-nın cənub bürosu xəbər verir ki, torpaq qatının sürüşməsinə səbəb, son vaxtlar rayon ərazisinə yağan intensiv yağışlar olub.

Aktiv sürüşmə zonasında 3 ev üçün təhlükəli vəziyyət yaranıb. Kənd sakini Rauf Əhmədova məxsus ev isə yaşayış üçün yararsız hala düşüb.

Rauf Əhmədov APA-ya bildirib ki, yağış yağandan sonra sürüşmə aktivləşib.

Torpaq sahəsinin mühafizəsi və sürüşmənin qarşısını almaq üçün ərazidə yerli bələdiyyə tərəfindən təqribən 30 metr uzunluğunda istinad divarları tikilib. Buna baxmayaraq torpaq sürüşməsi və böyük torpaq kütləsi həmin divarı dağıdıb.

Lerik rayon icra hakimiyyəti başçısının Vizəzəmin ərazi dairəsi üzrə nümayəndəsi Elxan Aslanov APA-ya verdiyi açıqlamada bildirib ki, ərazidəki təhlükəli vəziyyətlə bağlı aidiyyəti orqanlar məlumatlandırılıb. Ekologiya və Təbii sərvətlər Nazirliyinin mütəxəssisləri gəlib yerində araşdırma aparıb. Digər sənədlər də toplanaraq FHN-ə təqdim edilib. Müvafiq qərarlar isə FHN mütəxəssislərinin ərazidə aparacaqları araşdırmaların nəticəsindən sonra məlum olacaq.

Qeyd edək ki, hazırda ərazidə təhlükəli vəziyyət qalmaqdadır.

Evlərdə olan o əyilmə və çatlar bir qədər də artıb. O cümlədən, sürüşməyə görə yolun bərbad vəziyyətə düşməsindən, kəndin Yuxarı məhəlləsində 120 şagird yerlik məktəb binası üçün də təhlükə yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR