"Location” gecə klubunda partlayışa görə tutulan FHN əməkdaşı ev dustaqlığına buraxılıb

"Location” gecə klubunda partlayışa görə tutulan FHN əməkdaşı ev dustaqlığına buraxılıb
# 18 iyul 2022 16:55 (UTC +04:00)

Bakıda “Location” gecə klubundakı partlayışla bağlı cinayət işi üzrə təqsirləndirilən Rəsul Rəsulov, Orxan Səfərov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslərdən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov istintaq dövründə barəsində həbs qətimkan tədbiri dəyişdirilib və Binəqədi rayon Məhkəməsi tərəfindən ev dustaqlığı qətimkan tədbiri seçilib və o, azadlığa çıxıb.

Dövlət ittihamçısı çıxış edərək cinayət işinin məhkəmə baxışına verilməsini, təqsirləndirilən Ruslan Məmmədovun barəsində yenidən həbs qətimkan tədbirinin seçilməsini istəyib.

Rəsul Rəsulovun vəkili vəsatətlə çıxış edərək müvəkkili barəsində bəraətverici əsaslarla cinayət işinə xitam verilməsini və onun dərhal məhkəmə zalından azadlığa buraxılmasını xahiş edib.

O bildirib ki, müvəkkili rəsmi olaraq gecə klubunda çalışmayıb: "Hətta parlayışdan sonra klub rəhbərliyindən köhnə tarixə onun gecə klubuna yanğından təhlükəsizliyə məsul şəxs kimi qeydiyyata alıblar".

Ruslan Məmmədovun vəkili Vasif Allahverdiyev prokurorun müdafiə etdiyi şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı çıxışına etiraz edib. Bildirib ki, onlar cinayət üzrə 40 zərərçəkmişlə rəsmi qaydada barışıq əldə ediblər, onlara dəymiş maddi ziyan ödənilib: "Ruslan Məmmədov az ağır cinayətlərdə ittiham edilir. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün əsaslar mövcud deyil".

Orxan Səfərlinin də vəkili çıxış edərək müvəkkili barəsində olan cinayət təqibinə xitam verilməsini istəyib. Qeyd edib ki, istintaq dövründə Orxan Səfərlinin barəsində olan cinayət işinə xitam verilməsi, onun həbsdən azad edilməsi barədə vəsatət versələr də, heç bir əsas gətirilmədən vəsatətləri təmin edilməyib.

Orxan Səfərlinin digər vəkili Muxtar Mustafayev qeyd edib ki, bu cinayət işi ibtidai istintaqa qaytarılmalıdır: "Bu işdə əsl günahkar olan şəxslərə ittiham verilməlidir. İttiham da daha ağır ittihamla əvəz olunmalıdır. İbtidai istintaq qanun pozuntusu ilə aparılıb".

Məhkəmədə iştirak edən Elçin Rzayev deyib ki, prokurorluqda dindirilib, avtomobilinə ziyan dəyib. Qeyd edib ki, sonda zərərçəkmiş qismində tanınmayıb. Onun sözlərinə görə, sonda ona müstəntiq tərəfindən zərərçəkmiş qismində tanınmaması barədə qərar qəbul edildiyi məlum olub. O, cinayət işinin istintaqa qaytarılması, işdə onun zərərçəkmiş şəxs qismində tanınması barədə qərara qəbul edilməsini istəyib. Elçin Rzayev deyib ki, hadisə zamanı avtomobilini orada saxlayıb, ona 3500 manat ziyan dəyib.

Daha sonra hakimlər hazırlıq iclasının qərarını elan edib. Qərara görə, cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmə təqsirləndirilən şəxslərin vəkillərinin vəsatətlərini təmin etməyib. Ruslan Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorun vəsatəti təmin edilməyib.

Elçin Rzayevin müraciəti ilə bağlı məhkəmə heç bir qərar qəbul etməyib. Buna səbəb onunla bağlı işdə heç bir sənədin olmaması izah edilib. Onun diqqətinə çatdırılıb ki, bununla bağlı aidiyyəti üzrə qurumlara müraciət edə bilər.

Məhkəmə baxışı iyulun 25-ə təyin edilib.

Qeyd edək ki, bu il aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.

Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə 52 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR