Məhkəmə BDU-nun hüquqşünası və metodistinə bəraət verib

Məhkəmə BDU-nun hüquqşünası və metodistinə bəraət verib
# 25 aprel 2022 13:07 (UTC +04:00)

Xaricdə təhsil alan tələbələrin Bakı Dövlət Universitetinə (BDU) qəbul olunmasına köməklik etmək adı ilə dələduzluqda ittiham olunan universitetin hüquqşünası Tamella Çələbiyeva və onunla birgə ittiham olunan Beynəlxalq münasibətlər fakültəsinin metodisti Ulduza Səfərzadənin barələrindəki hökmdən verdikləri şikayətə baxılıb.

Bu barədə APA-ya Tamella Çələbiyevanın vəkili Aqil Layic məlumat verib.

Vəkilin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Tamella Çələbiyeva və Ulduza Səfərzadənin barəsində ittiham öz təsdiqini tapmadığı üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və hər iki şəxs barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların Bakı Dövlət Universitetinə qəbul edilməsi müqabilində külli miqdarda pul alınması ilə bağlı Gəncə Aqrar Universitetinin Biologiya kafedrasının müdiri işləmiş Zaur Hümbətov, Bakı Dövlət Universitetinin hüquqşünası və müəllimi Tamella Çələbiyeva, BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin metodisti Ulduza Səfərzadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.

Lakin istintaq müddətinə Zaur Hümbətov vəfat edib və onun barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tamella Çələbiyeva və Ulduzə Səfərzadə cərimə cəzasına məhkum ediliblər.

Onu da qeyd edək ki, Tamella Çələbiyeva ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin idarə rəisi, general Natavan Mirvətovanın cinayət işi üzrə zərərçəkmiş şəxs olub. MTN tərəfindən onun telefonları qanunsuz dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR