Məşhur idmançı Vilyam Hacıyevin məhkəməsində ifadə verib

Elnur Şıxəliyev

© APA | Elnur Şıxəliyev

# 18 aprel 2022 11:44 (UTC +04:00)

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Natural Bodibildinq və Fitness Assosiasiyasının prezidenti, idmançı Elnur Şıxəliyev ifadə verib. Şahid deyib ki, İmişli rayonunun kəndlərindən birində torpaq sahəsi olub, həmin torpaq sahəsinin sənədlərini almaq üçün icra başçısı ondan 20 min manat pul tələb edib: “Mən özüm beynəlxalq dərəcəli idmançıyam. Ata-baba yurdumda heyvandarlıq sahəsini inkişaf etdirəm istəyirdim. Pulu verərkən mənə çek də vermədilər. Pulu baş mühasibin əli ilə çatdırdım".

Prosesə daha sonra Birinci Qarabağ Müharibəsi veteranı Aqil Ələkbərov dindirilib. Şahid deyib ki, icarəyə götürdüyü torpaq sahəsinin müqavilə müddətini uzatmaq üçün ondan rüşvət alınıb: "Müqavilə müddətimi uzatmaq üçün İcra Hakimiyyətinin əməkdaşı Hüseynə min manat verdim. Dedi ki, icra başçısının göstərişi var, başqa cür mümkün deyil".

İmişli rayon arxiv idarəsinin rəisi olmuş Tərlan Əliyev isə ifadəsində deyib ki, Vilyam Hacıyev icra başçısı təyin olunandan sonra dövlət tərəfindən arxiv idarəsinə ayrılmış pulu İcra Hakimiyyəti götürməyə başlayıb:

"İdarənin təmiri üçün hər il min manat ayrılırdı. Vilyam Hacıyev gələndən sonra vəziyyət dəyişdi. Bundan sonra ayrılan pulu baş mühasib Cəmil Musayev götürməyə başladı. Məcbur qalıb idarəni öz cibimdən pul qoyub təmir etməyə başladım".

Vilyam Hacıyev Aqil Ələkbərovun ifadəsinə etiraz edərək ondan nəyə görə gəlib ona şikayət etməməsinin səbəbini soruşub. Şahid isə Cəmil Musayevin onun sınanmış adamı olduğunu xatırladıb: "Cəmili illərdir tanıyıram. Əvvəl büzüşə-büzüşə gəzirdi, siz gələndən sonra sinəsini irəli verməyə başladı".

Proses aprelin 22-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR