Polis Şəmkirdə yetkinlik yaşına çatmayan şəxsin valideynlərinə xəbərdarlıq edib - YENİLƏNİB-1

Polis Şəmkirdə yetkinlik yaşına çatmayan şəxsin valideynlərinə xəbərdarlıq edib  - YENİLƏNİB-1
# 15 noyabr 2022 21:18 (UTC +04:00)

Şəmkir rayonunda növbəti yetkinlik yaşına çatmayan şəxsin nikaha daxil olması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı Şəmkir rayon Polis Şöbəsində müvafiq araşdırmalar başlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, 11-ci sinif şagirdi Ləman Mehtiyevanın (ad soyad şərtidir) nişan mərasimi keçirilməsi barədə məlumata görə artıq həm qızın həm də qarşı tərəfin valideynləri şöbəyə dəvət olunaraq profilaktiki söhbət aparılıb, bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsin ailə qurması cinayət məsuliyyəti yaradır və bu məsuliyyəti valideynlər daşıyır.

***

12.46

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları rayonda nişan mərasimi olduğu bildirilən yeniyetmə qızın evində olublar.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Xəbərə görə, qızın ailəsi hələlik elçilik mərasimi keçirildiyini, yaxında isə nişan olacağını deyib. Yeniyetmənin valideynləri isə toy mərasiminin qanunun tələbinə uyğun olaraq qızlarının 18 yaşı tamam olduqdan sonra keçirəcəyini bildiriblər.

Qızın və oğlanın valideynləri Polis Şöbəsinə dəvət olunub, onlarla profilaktik söhbət aparılacaq.

RPŞ-dən o da bildirilib ki, yetkinlik yaşına çatmayan şəxslərin nikaha cəlb edilməsi məsuliyyət yaradır və məsuliyyət valideynlərin üzərindədir.

***

12.19

Şəmkirdə 14 yaşlı qızın nişanlanması ilə bağlı araşdırma aparılır.

APA xəbər verir ki, sosial şəbəkədə yayılan məlumatlara görə, 14 yaşlı yeniyetmə qız 26 yaşlı əmisi oğlu ilə nişanlanıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən xəbərə görə, yayılan məlumat araşdırılır, nəticəsi barədə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR