Prokurorluq orqanlarına qəbul edilən 83 nəfər and içib - FOTO

Prokurorluq orqanlarına qəbul edilən 83 nəfər and içib - FOTO
# 17 yanvar 2022 15:53 (UTC +04:00)

Bu gün Baş Prokurorluqda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar ilk növbədə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Şəhidlər xiyabanına gələn gənc hüquqşünaslar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edilib.
Mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, qazilərə şəfa dilənib.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin möhtəşəm uğurlara imza atmaqla növbəti onilliklər üçün tərəqqisinə və qələbələrinə geniş imkanlar yaradıldığını bildirib. Qeyd edilib ki, ölkə başçısının parlaq diplomatik məharəti sayəsində Vətən Müharibəsinin nəticələri mötəbər beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən də qəbul edilib, bölgədə sülh və əmin-amanlığın bərpası istiqamətində ötən ilin noyabr və dekabr aylarında müvafiq olaraq Soçidə Rusiya Prezidentinin və Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistanın Baş naziri ilə keçirilmiş üçtərəfli görüşlər diplomatik qələbəmizin növbəti təntənəsi olunub.
Mərasimdə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələrinin, döyüşlər zamanı yaralanan qazilərin, eləcə də müharibə iştirakçılarının Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna qayğısı ilə əhatə olunduqları xüsusi vurğulanıb.
Bu baxımdan Qarabağ müharibəsi əlillərinin və onların ailə üzvlərinin sosial müdafiəsinə xüsusi qayğının daha bir təzahürü olaraq I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəniş edilməsi barədə ölkə başçısının fərmanı, Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yeni evlərin və mənzillərin verilməsi, onların maddi-sosial problemlərinin aradan qaldırılması və təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” fondunun həyata keçirdiyi tədbirlərin önəmi diqqətə çatdırılıb.
Bildirilib ki, Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz dünyaya yeni iqtisadi və sosial inkişaf modelini təqdim edərək 2021-ci ildə də bütün sahələrdə inkişaf tempini qoruyub saxlaya bilib, həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə ölkəmizdə pandemiya tam nəzarət altına alınıb, koronavirusla mübarizə tədbirləri ilə yanaşı 44 günlük Vətən müharibəsinə baxmayaraq ötən il ərzində heç bir sosial layihə təxirə salınmamış, iqtisadi islahatlar daha da dərinləşib.
Bildirilib ki, “Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr yolu ilə qulluğa qəbul olunmuş hüquqşünasların Baş Prokurorluğun kadr korpusunun əhəmiyyətli hissəsini təşkil etməsi, onların tutduqları vəzifələrdə səmərəli fəaliyyəti, həmin gənclərin bir çoxunun rəhbər və yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilməsi ölkə həyatının bütün sahələrində gənclərin daha mühüm vəzifələrə təyin edilməsi barədə Prezident İlham Əliyevin göstərişlərinin icrasının nəticələridir.
Baş prokuror bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkədə gəncliyin ictimai həyatın bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən mütəmadi tədbirlər gənclərin təhsil, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynayaraq gəncliyin uğurlu gələcəyinə hesablanıb.
Bildirilib ki, prokurorluq orqanlarına qulluğa qəbulla bağlı 2021-ci ildə keçirilmiş 23-cü müsabiqədə namizədlərin yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, xarici dil biliklərinə, sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqda işləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, o cümlədən prokurorluqda qulluq keçmək arzuları, prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla 83 gənc hüquqşünas qulluğa qəbul edilib.
Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə əmr elan edilib, işə qəbul olunanlar təntənəli surətdə and içib və onlara xidməti vəsiqələr Baş Prokuror Kamran Əliyev tərəfindən təqdim olunub.
Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbul olunan gənc prokurorluq əməkdaşlarını təbrik edib, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarından əminliyini ifadə edib.
Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR