Qəbələdə meşədə itkin düşən şəxsin axtarışı davam edir

Qəbələdə itkin düşən şəxsin axtarışı

© APA | Qəbələdə itkin düşən şəxsin axtarışı

# 06 dekabr 2022 15:51 (UTC +04:00)

Qəbələdə noyabrın 29-dan meşəlik ərazidə itkin düşən Səyavuş Həmidovun axtarışları davam etdirilir.

APA xəbər verir ki, bu gün də Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedici qüvvələri və itkin düşən şəxsin qohumları və qardaşı Qəbələdə Dəmiraparan çayı sahilində və yaxın ərazilərdə axtarışlar aparıblar.

İtkin düşən şəxsin qardaş Mehdi Həmidov APA-nın əməkdaşına bildirib ki, ailə üzvlərinin narahatlığı gündən-günə artır: “Qardaşım heç vaxt telefonunu söndürməzdi, gedəcəyi yer haqqında ətraflı məlumat verərdi. Artıq qardaşımın qaçırıldığı və kimlərsə tərəfindən zorla saxlanılmasından şübhələnirik. Səyavuş heç vaxt məsuliyyətsizlik etməzdi, çox dəqiq insandır. Hər halda ümid edirik ki, yaxın zamanlarda hüquq-mühafizə orqanlarının köməyi ilə qardaşımı sağ-salamat tapacağıq”.

Qeyd edək ki, 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğlu Qəbələ rayonunda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşüb.

FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri noyabrın 30-da axtarış işlərinə cəlb olunub. Hazırda ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in qüvvələri tərəfindən vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə - Dəmiraparan çayının şimal-şərq hissəsi və Şonqar dağında meşənin dərinliklərinə doğru axtarış işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR