Ramin Hacılının məhkəməsi başlayır

Ramin Hacılı

© APA | Ramin Hacılı

# 13 may 2022 19:12 (UTC +04:00)

Qanunsuz miqrasiyaya görə ittiham olunan Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın xəbərinə görə, cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, Ramin Hacılı mütəşəkkil dəstə şəklində dələduzluqda təqsirləndirilir. Ramin Hacılı ilə birgə ittiham olunan şəxslərin cinayət işi ayrıca icraata verilib.

İstintaqla müəyyən edilib ki, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR