Ramiz Göyüşovun Əli Əliyev barəsində şikayəti icraata götürülüb

Ramiz Göyüşov, Əli Əliyev

© APA | Ramiz Göyüşov, Əli Əliyev

# 27 may 2022 13:29 (UTC +04:00)

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Yasamal Rayon Məhkəməsində keçirilən hazırlıq iclasında həm Əli Əliyev, həm xüsusi ittihamçı Ramiz Göyüşov iştirak edib.

Ramiz Göyüşov təqsirləndirilən şəxsin onun şərəf və ləyaqətinə toxunan ifadələr işlətdiyini, buna görə də məsuliyyətə cəlb olunmasını istəyib.

VİP sədri iddiaya münasibət bildirərək şikayətin əsassız olduğunu deyib: "Video yayılanda qızından, gəlinindən heç utanmadın? Səni hamı gördü".

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət verərək iddia ərizəsinə xitam verilməsini istəyiblər.

Məhkəmə vəsatəti təmin etməyib. Əli Əliyev barəsində xüsusi ittiham qaydasında qaldırılmış şikayət icraata götürülüb.

Baxış iclası iyunun 3-nə təyin olunub.

Xatırladaq ki, Ramiz Göyüşovun bir neçə ay əvvəl sosial şəbəkələrdə intim videosu yayılıb. Bundan sonra Ramiz Göyüşov YAP-dan kənarlaşdırılıb.

VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR