Rəşad Dağlı məhkəmədə özünü qismən təqsirli bilib - VİDEO

Rəşad Dağlı məhkəmədə özünü qismən təqsirli bilib - VİDEO
# 01 may 2023 16:51 (UTC +04:00)

Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən baxış iclasında zərərçəkmiş İsgəndər Mehdiyevin hüquqi varisi olan qardaşı Etibar Mehdiyev də iştirak edib.

İclasda prokuror Orxan Səmədov ittiham aktını elan edib.

İttiham aktında deyilir ki, əvvəllər dəfələrlə məhkum edilmiş İsgəndər Mehdiyev Rəşad Dağlı haqqında təhqir xarakterli ifadələr səsləndirib, təhqirlərin dayandırılması üçün ondan 3000 manat pul tələb edib. Bundan sonra Rəşad Dağlı Biləcəri qəsəbəsində yerləşən mağazadan bıçaq alıb. Noyabrın 8-dən 9-na keçən gecə Rəşad Dağlı İsgəndər Mehdiyevin yaşadığı evin qarşısına gələrək, onu maşınına mindirib, onlar birlikdə gediblər. Hadisə də avtomobilin içində, Qaradağ rayonu, Lökbatan dairəsi adlanan ərazidə baş verib.

Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində mərhum İsgəndər Mehdiyevin qardaşı Etibar Mehdiyev dindirilib. O deyib ki, təqsirləndirilən şəxsdən şikayətçi deyillər: “Rəşad Dağlını çoxdan tanıyırıq. Aramızda ədavət olmayıb. Ağlıma gəlməzdi ki, belə bir şey olar. Hadisə baş verən gün gecə saat 4-ə kimi İsgəndərlə birlikdə olmuşuq. Deyirdi ki, Rəşad haqqında kimsə nəsə danışır. Deyəsən “üzdəniraq” söhbəti idi”.

Daha sonra Etibar Mehdiyevin istintaqa verdiyi ifadəsi elan olunub. Etibar Mehdiyev istintaqda deyib ki, qardaşı evdən çıxanda “Rəşad çaşsa, onu vuracam” cümləsini işlədib. Bundan başqa, o, qardaşından Rəşad Dağlı ilə bağlı səslənən fikirlərə görə kimlərisə susdurmaq üçün pul vermək lazım olduğunu eşitdiyini deyib.

Hüquqi varis istintaqa verdiyi ifadəsini tam xatırlamadığını, lakin ifadəsini təkzib etmədiyini bildirib.

İttihama münasibət bildirən Rəşad Dağlı özünü qismən təqsirli bilib. O, məhkəmə istintaqının sonunda geniş ifadə verəcəyini deyib.

Rəşad Dağlının vəkili Elvin Əliyev isə deyib ki, qəsdən adam öldürmə və qanunsuz silah saxlama ittihamını qəbul etmirlər, təqsirləndirilən şəxs bununla bağlı geniş ifadə verəcək.

Proses mayın 19-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2022-ci ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir.

Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamlarla təqsirli bilinərsə 9 ildən-14 ilə qədər azadlıqdan məhrum edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR