Şəmkirdə iki şadlıq sarayının rəhbərinə cinayət işi açılıb - VİDEO

Şəmkirdə iki şadlıq sarayının rəhbərinə cinayət işi açılıb - VİDEO
# 29 dekabr 2021 12:32 (UTC +04:00)

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları Operativ Qərargahın qəbul etdiyi qaydaların yerinə yetirilməsinə nəzarət məqsədi ilə tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində fəaliyyət göstərən “Gold Qafqaz” şadlıq sarayının əvvəlcədən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Operativ Qərargahın qəbul etdiyi karantin qaydalarına zidd olaraq müəyyən edilmiş say həddindən artıq qonaq qəbul etməsi aşkar olunub.

Polis əməkdaşları müəyyən edib ki, dekabr ayının 26-da keçirilən toy mərasimində 150 nəfər qonaq olmalı olduğu halda 250 nəfər iştirak edir. Buna görə də obyekt sahibi Nofəl Heydərov saxlanılaraq Polis Şöbəsinə gətirilib və onun barəsində Cinayət Məcəlləsinin 139-cu (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ) maddəsi ilə cinayət işi başlanılıb.

Bundan başqa, şöbə əməkdaşlarının dekabrın 28-də keçirdikləri müvafiq tədbirlər nəticəsində “Ceyhun” şadlıq evinin rəhbərliyi müvafiq portalda şadlıq evində kiçik toy və toy mərasimi barədə məlumat versə də, əslində hər iki yığıncağın eyni vətəndaşa məxsus toy mərasimi olması aşkar edilib. Şadlıq evi rəhbəri Rasim Salmanov saxlanılaraq Polis Şöbəsinə gətirilib və onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd olunub ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə cari il ərzində ümumilikdə 50-yə yaxın şadlıq evi və iaşə obyektlərində keçirilən, 135-ə yaxın evlərdə keçirilən toy mərasimlərində karantin rejiminin pozulmasını aşkar edərək qanuna müvafiq tədbir görüb. Həmin tədbirlər zamanı təkrar qayda pozuntusuna yol verdiyinə görə 14 nəfərdən 5-i həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR