Sümükləri tapılan Xaçmaz sakininin ölüm səbəbi araşdırılır, cinayət işinin icraatı təzələnib

Məhəmməd Əsədullayev

© APA | Məhəmməd Əsədullayev

# 11 yanvar 2022 15:05 (UTC +04:00)

Prokurorluq Xaçmazda 18 ay əvvəl itkin düşən şəxslə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib ki, Xaçmaz şəhər sakini Məhəmməd Əsədullayevin 2020-ci il iyulun 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması faktına görə Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraat şəxsin özünün və yaxud öldüyü halda meyitinin tapılması mümkün olmadığından 2020-ci il dekabrın 1-də dayandırılıb.

2021-ci il dekabrın 11-də Xaçmaz şəhəri Qudyalçay çayının kənarında aşkar edilmiş insan kəllə sümüyü və insan sümüyünün fraqmentlərinin təyin edilmiş məhkəmə-genetik ekspertizasının rəyinə əsasən itkin düşmüş Məhəmməd Əsədullayevə məxsus olması məlum olub.

Hazırda Xaçmaz rayon prokurorluğunda cinayət işi üzrə icraat təzələnərək istintaq davam edir. Məhəmməd Əsədullayevin ölümünün səbəbini müəyyənləşdirmək məqsədilə məhkəmə-tibbi kriminalistik ekspertizası təyin edilib.

Qeyd edək ki, Xaçmaz rayonunda 2 həftə əvvəl çay kənarında insan sümükləri tapılıb. Bir neçə gün əvvəl həmin sümüklərin 18 ay əvvəl itkin düşmüş Xaçmaz rayon sakini Məhəmməd Əsədullayevə aid olduğu müəyyənləşib.

Ötən ilin dekabrın 27-də Xaçmaz rayonu ərazisindən keçən Qudyalçayın sahilində naməlum insan sümüklərinin 1 il 6 ay əvvəl itkin düşmüş rayon sakini 45 yaşlı Məhəmməd Əsədullayevə aid olduğu ehtimal edildiyi üçün onun yaxınlarından analiz götürülərək Bakı şəhərinə göndərilib.

M. Əsədullayevin atası Rufulla Əsədullayev APA-ya bildirib ki, aparılan ekspertiza nəticəsində sümüklərin Məhəmməd Əsədullayevə aid olduğu müəyyən olunub.

Cəsədin qalıqları Xaçmaz Rayon Prokurorluğuna göndərilib.

Xatırladaq ki, rəsmi məlumata görə, Xaçmaz rayon sakini, 1975-ci il təvəllüdlü Əsədullayev Məhəmməd Rufulla oğlu 2020-ci ilin iyul ayının 18-i yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR