Tovuzda keçmiş məhkəmə sədrini güllələyən biznesmenin cəzası artırılıb - VİDEO

Firudin Ələkbərov

© APA | Firudin Ələkbərov

# 11 may 2022 12:33 (UTC +04:00)

Tovuzda keçmiş məhkəmə sədri Firudin Ələkbərovu qətlə yetirən iş adamı Əli Şəmiyevin cəzası ağırlaşdırılıb.

APA-nın əldə etdiyi xəbərə görə, bununla bağlı Gəncə Apellyasiya Məhkəməsi qərar çıxarıb.

Əli Şəmiyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilib. Daha sonra apellyasiya məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Hökmdən narazı qalan dövlət ittihamçısı kassasiya şikayət verib.

Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən iclasda prokuror bildirib ki, məhkumun əməlində ağırlaşdırcı hallar olduğuna görə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsinin tətbiqi mümkün deyil. Qeyd olunub ki, buna baxmayaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsi Əli Şamiyevin 10 il 6 ay azadlıqdan məhrum edilməsi ilə bağlı hökm elan edib. Gəncə Apellyasiya Məhkəməsi isə hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Ali Məhkəmə dövlət ittihamçısının şikayətinin əsaslı olduğu qənaətinə gələrək Əli Şəmiyev barəsindəki qərarın tamamilə ləğv olunduğunu elan edib.

Cinayət işi yenidən araşdırılması üçün Apellyasiya Məhkəmsinə qaytarılıb.

Gəncə Apellyasiya Məhkəmsində hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən iclasda Əli Şəmiyevin cəzası 1 il artırılıb. Yekun qərarla məhkum Əli Şəmiyev 11 il 6 ay azadlıqdan məhrum olunub.

Xatırladaq ki, hadisə 2019-cu ildə Tovuz rayonunun Yanıqlı kəndində baş verib. Tovuz şəhərində müstəqil hüquq müdafiə fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərov kənd ərazisindəki «Su səsi» istirahət kompleksinin faktiki sahibi olan Əli Şəmiyevi şantaj edib. Mərhum şəxs Əli Şəmiyevin qanunsuzluqlara yol verməsi barədə ayrı-ayrı dövlət orqanlarına etdiyi çoxsaylı əsassız şikayətlərini dayandırmaq müqabilində ondan 10.000 manat məbləğində pul tələb edib.

Aralarında yaranmış mübahisə nəticəsində məhkum mərhumun hüquq məsləhətxanasına gələrək qanunsuz olaraq üzərində gəzdirdiyi “Makarov” konstruksiyalı tapança ilə onu qətlə yetirib.

Firudin Ələkbərov Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sədri olub. O, 1995-ci ildə fəaliyyətində yol verdiyi kobud qanun pozuntusuna vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR