Vilyam Hacıyevin məhkəməsi: "Ayrılan 7500 manat yardımın cəmi 100 manatı mənə çatdı"

Vilyam Hacıyev

© APA | Vilyam Hacıyev

# 06 may 2022 14:23 (UTC +04:00)

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda cinayət işi üzrə şahid qismində tanınmış 15 nəfər ifadə verib.

Şahid Fariz Əliyev əkinçiliklə bağlı torpaq sahəsi ayrılması üçün İcra Hakimiyyətinə müraciət etdiyini, 500 hektar torpaq sahəsinə görə baş mühasib Cəmil Musayevə 80 min manat pul verdiyini deyib. Onun sözlərinə görə, bundan başqa, torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün isə ondan 5 min manat alınıb.

Vilyam Hacıyevin vəkili Elmar Kərimov vəsatət qaldıraraq rüşvət verən şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini istəyib.

Şahid Xankişi Balayev isə rayonda imkansız şəxslər üçün inşa olunmuş sosial evlərdən pulla mənzil aldığını, pulu kimə verdiyini xatırlamadığını deyib. O, istintaqdakı ifadəsində iki otaq üçün baş mühasibə 18 min manat pul verdiyini deyib.

Digər şahid Məhəmməd Qasımov isə yardım almaq üçün İcra Hakimiyyətinə müraciət etdiyini, hesabına 7500 manat pul köçürülsə də, pulun 100 manatının ona verildiyini deyib:

"Evdə xəstəmiz var idi, onun müalicəsinə kömək etmək üçün müraciət etdim. Buna görə hesabıma 7 min 500 manat pul köçürüldü. Bankdan çıxan kimi bir nəfər İcra Hakimiyyəti işçisi ilə görüşdüm. Pulun hamısını ona verdim. Mənə cəmi 100 manat pul qaytardı”.

Şahid Faiq Qasımov da eyni epizodla bağlı ifadə verib. O, məhkəmədə 500 manat aldığını deyib. Məlum olub ki, o, istintaq zamanı 7 min manat aldığını bildirib.

"DOST" İş Mərkəzində yaşıllaşdırma işləri ilə məşğul olan şahid Kərim Əliyev isə məhkəmədə istintaq zamanı verdiyi ifadəni təsdiq etməyib. Kərim Əliyev istintaqda deyib ki, "DOST" İş Mərkəzində işləmək üçün müraciət edib və mərkəzdə ona işə götürülsə də, əməkhaqqı kartının onlarda qalacağı bildirilib. Şahid bugünkü ifadəsində isə əməkhaqqı kartının özündə olduğunu, hər ay 237 manat maaş aldığını deyib.

Prosesin sonunda bildirilib ki, cinayət işi üzrə ifadə verməyən 14 şahid var, onlar məhkəməyə gələ bilmirlər. Hakim həmin şəxslərin ifadəsinin elan edilməsini və ya yenidən çağırış göndərilməsi ilə bağlı məhkəmə heyətinə müraciət edib.

Vilyam Hacıyev sözügedən şahidlərin istintaq zamanı verdikləri ifadələrin elan olunmasına etiraz edərək onların məhkəməyə gəlməsini istəyib: "Xahiş edirəm 14 nəfər şahid hər biri gəlib burda ifadə versin. İstintaqda deyilənlərlə burda deyilənlər arasında paradokslar olduğunu görürük, ona görə gəlmələri vacibdir".

Məhkəmə təklifləri qəbul edib. Prosesi mayın 13-nə kimi təxirə salınıb.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR