Vüqar Səfərli 10 il 6 ay azadlıqdan məhrum olunub - VİDEO

Vüqar Səfərli

© APA | Vüqar Səfərli

# 21 dekabr 2021 17:42 (UTC +04:00)

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Səfərli son söz deyib.

V. Səfərli son sözündə verilmiş ittihamlarla razı olmadığını deyərək məhkəmədən bəraət istəyib.

Təqsirləndirilən Nadir Məmmədov da cinayət işi üzrə təqsirsiz olduğunu deyib. Digər təqsirləndirilənlər Bünyamin İsmayılov, Valeh Orucov və Telman Tahirov da məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş ediblər.

Daha sonra məhkəmədə hökm elan olunub.

Hökmə əsasən, Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, V. Səfərli 3 il dövlət orqanlarında vəzifə tuta bilməz. Hökmə əsasən, cinayət işi üzrə təqsirləndirilən Nadir Məmmədova isə 6 il həbs cəzası verilib.

Məhkəmə digər təqsirləndirilən şəxslər - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verib.

Bütün təqsirləndirilən şəxslərin üzərinə müəyyən məbləğ ödəmək öhdəliyi qoyulub. Təqsirləndirilən şəxslər həmin məbləği Medianın İnkişafı Agentliyinə ödəməlidirlər.

Hökmdə qeyd olunub ki, Vüqar Səfərlinin Bakının Xətai rayonunda və İsmayıllı rayonunda yerləşən fərdi yaşayış evi müsadirə edilsin, bank hesabına həbs qoyulsun. Bundan başqa, Nadir Məmmədovun torpaq sahələri, Ədalət Vəliyevin Mətbuat prospektində yerləşən çoxmərtəbəli yaşayış binası və digər daşınmaz əmlakları da müsadirə edilsin.

Xatırladaq ki, prokuror Vüqar Səfərlinin 11 il, Nadir Məmmədov, Bünyamin İsmayılov, Telman Tahirov, Ədalət Vəliyev, Namiq Hacıyevin hər birinin 7 il, Təmkin Xəlilov, Valeh Orucov, Şahin İbrahimov və Bəxtiyar Fətullayevin isə 2 il azadlıqdan məhrum edilməsini, Təhminə Yaqubovaya isə 6 il şərti cəza verilməsi istəmişdi.

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli və Nadir Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDİA) zərərçəkmiş qismində tanınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR