Zakir Qaralov Almaniyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Zakir Qaralov Almaniyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
# 11 sentyabr 2019 17:11 (UTC +04:00)

Sentyabrın 10-da Baş prokuror Zakir Qaralov Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqlə görüşüb.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, baş prokuror iki ölkə arasında sürətlə inkişaf edən münasibətlərdən söhbət açıb, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatları barədə geniş məlumat verib.

Hüquq mühafizə sahəsində təşəkkül tapmış və qarşılıqlı etimada əsaslanan əlaqələrdən bəhs edən Baş prokuror, prokurorluq əməkdaşlarının Almaniyanın dövlət institutları və qeyri-hökumət sektorunda təlim və təcrübə mübadiləsi proqramlarına cəlb edildiklərini və bu sahədə əməkdaşlığa yüksək önəm verildiyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş prokuror Almaniyanın ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən haqlı mövqeyini dəstəkləməsindən məmnunluğunu ifadə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Volfqanq Maniq ölkəmizdə görülən işləri, aparılan məhkəmə-hüquq islahatlarını yüksək qiymətləndirmiş, xalqlarımız və ölkələrimizin mənafeləri, ikitərəfli münasibətlərin inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR