Zakir Sultanova 11 il həbs cəzası verilib

Zakir Sultanov

© APA | Zakir Sultanov

# 28 yanvar 2022 12:06 (UTC +04:00)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Cavanşir Süleymanov müdafiə çıxışı edib. Vəkil müvəkkili barəsində hökm qəbul olunarkən onun səmimi peşmanlığı, cinayət ortaqlarının ifşa olunmasına kömək göstərməsi və 5 milyon 338 min 615 manat məbləğində dəymiş ziyanın tam ödənilməsini yüngülləşdirici hal kimi nəzərə atmağı təklif edib. Müdafiəçi qeyd edib ki, bu miqdarda vurulmuş ziyanın tam ödənilməsi Azərbaycanda ilk haldır: "Dövlət ittihamçısı onun 12 il azadlıqdan məhrum edilməsini istəyib. Belə anlaşılır ki, dövlətə dəymiş ziyanın ödənilməsi təşviq edilmir, əksinə cəzalandırılır. Əgər Zakir Sultanov yüngülləşdirici hallar nəzərə alınmadan məhkum olunsa, dövlətə nə faydası olacaq və bu, başqalarına necə örnək olacaq?”

Vəkil bundan başqa, Zakir Sultanovun büdcəyə ziyanı əlavə ödəməsi barədə vəsatətinə baxmağı xahiş edib. O, Z. Sultanova şərti cəza verməyi xahiş edib.

Təqsirləndirilən şəxsin digər vəkili Vüqar Babayev də eyni məzmunlu çıxış edib.

Prosesdə Mədəniyyət Nazirliyi tərəfindən məhkəməyə göndərilən məktub elan olunub. Məktubda bildirilib ki, cinayət işi üzrə dəymiş ziyan ödənilib və onların əlavə iddiası yoxdur.

Zakir Sultanov son sözündə hakimlərdən humanist hökm verməyi xahiş edib.

Prosesdə hökm oxunub. Hökmə əsasən, Z. Sultanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 11 il azadlıqdan məhrum edilib. Qeyd olunub ki, onun “Yapı Kredi Bank”da olan 600 min avro vəsaiti və üzərinə həbs qoyulmuş sikkələr, digər qızıl-zinət əşyaları dövlət hesabına müsadirə olunmalıdır.

Xatırladaq ki, prokuror Zakir Sultanova 12 il həbs cəzası istəmişdi.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Xatırladaq ki, keçirilən əməliyyat zamanı saxlanılan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmə əsasən R.Bayramov 8 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə R.Bayramovun cəzası 8 ildən 4 il 6 aya endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR