Zaqatalada yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - VİDEO

Zaqatalada yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - VİDEO
# 31 avqust 2022 18:06 (UTC +04:00)

Xəbər verildiyi kimi, ötən gün Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında Nazirliyin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunaraq yanğınla mübarizə tədbirlərinə başlanılıb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumata görə, havanın isti və küləkli olması, relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirsə də, yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Hazırda yanğının söndürülməsi əməliyyatında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup kənd sakini iştirak edir.

Əlavə məlumat veriləcək.

***

14.28

Zaqatalanın mürəkkəb relyefli dağlıq ərazisində baş verən yanğının söndürülməsi və geniş ərazilərə keçməməsi istiqamətində tədbirlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova APA-ya bildirib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

“Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin regional yanğından mühafizə xidmətinin yanğınsöndürənləri, rayon icra hakimiyyətinin nümayəndələri və yerli kənd camaatı yanğının söndürülməsi üçün çalışırlar. Əraziyə 2 helikopter cəlb olunub” - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR