Zəngilanda sərhəd pozucusu saxlanılıb, digəri İrana qaçıb - VİDEO

Zəngilanda sərhəd pozucusu saxlanılıb, digəri İrana qaçıb - VİDEO
# 16 iyun 2022 13:59 (UTC +04:00)

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən APA-ya verilən xəbərə görə, iyun ayının 7-də saat 22:15-də Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsdə cəhd ediblər.

Dövlət sərhədinin pozulması ilə bağlı keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılaraq üzərində olan 1 ədəd bağlamada təxmini çəkisi 5880 qram narkotik vasitə “marixuana”ya bənzər maddə aşkar olunaraq götürülüb, digər sərhəd pozucusu hava şəraitinin qaranlıq və ərazinin sıx meşəlik, kolluq olmasından istifadə edərək geri İran ərazisinə qaçıb.

İyun ayının 12-də saat 01:50-də Neftçala istiqamətində naməlum hədəf tərəfindən dəniz sərhədlərinin pozulması barədə daxil olmuş məlumatla əlaqədar Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən qeyd olunan istiqamətə sərhəd gözətçi gəmiləri göndərilib, texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə iti surətli üzmə vasitəsinin hərəkəti nəzarətə götürülmüş və təqib olunaraq saxlanılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Hadisə ilə əlaqədar dövlət sərhədinin gücləndirilmiş üsulla mühafizəsi təşkil olunaraq üzmə vasitəsinin hərəkət etdiyi istiqamətdə sahil ərazilərinə baxış keçirilib. Nəticədə Cənub regional şöbəsinin “Mayak” sahil nəzarəti bölməsinin xidməti ərazisində Neftçala rayonunun Mayak kəndinin yaxınlığında dəniz sahilində iki ədəd şübhəli kisə aşkarlanıb. Kisələrə baxış zamanı 13 ədəd bağlamada təxmini çəkisi 22 kiloqram 855 qram narkotik vasitəyə (15180 qram – “marixuana”, 7175 qram – “tiryək”, 500 qram – “heroin”) bənzər maddələr və 1543 ədəd psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR