Eldar Sabiroğlu: “Müharibə variantı arzu yox, məhz reallıq kimi Azərbaycan əsgərinin qarşısında durur”

Eldar Sabiroğlu: “Müharibə variantı arzu yox, məhz reallıq kimi Azərbaycan əsgərinin qarşısında durur”
# 25 sentyabr 2009 12:27 (UTC +04:00)
Bakı-APA. “Ermənistanda çox gözəl dərk edirlər ki, müharibə olacağı təqdirdə erməni ordusunun məğlubiyyəti labüd və qaçılmazdır”. Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu bildirib.

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Azərbaycanı müharibə ilə hədələməsi və ölkəsinin müharibə ilə bağlı Azərbaycanın arzularına son qoymaq imkanına malik olması haqda açıqlamasına münasibət bildirən nazirlik sözçüsü deyib ki, bu şəxsin son vaxtlar belə ağlasığmaz açıqlamalarının özəl səbəbləri var: “Öncə bəzi məqamlara aydınlıq gətirməyi zəruri hesab edirəm. Məlum olduğu kimi, Ermənistan indi çox dərin böhran içərisində yaşayır. Bəlkə də, münaqişənin heç bir dövrundə bu cür vəziyyətə düşməyib. Böhran müxtəlif istiqamətləri – sosial, iqtisadi, siyasi, hərbi və demoqrafiq sahələri demək olar ki, tam bürüyərək, Ermənistanı çıxılmaz bir duruma gətirib. Ölkə rəhbərliyinin apardığı axtarışların, həyata keçirdiyi tədbirlərin müsbət mənada heç bir təsiri olmur. Xüsusilə orduda baş qaldıran və sonu görünməyən ağır problemlər – əsgərin lazımi qida ilə təmin edilməməsi, fərarililik, qəsdən adamöldürmə, komandir əmrlərindən imtina hallarının getdikcə artması hakimiyyətdə böyük həyəcan və narahatlıq doğurur”.

E. Sabiroğlu deyib ki, Ermənistanın hərbi rəhbərliyində Qarabağ ermənilərinin sürətlə yerləşdirilməsi, yerli zabitlərin və komandir korpusunun isə sıxışdırılması bu ölkədə əsəb döyüşünü gücləndirib: “Orada qarabağlıları yerli ermənilər daha təhlükəli düşmən hesab edirlər. Dərin kök salan bu münasibətlər, çarpazlaşan fikirlər, bir-birinə zidd müxtəlif mövqelər elə kəskin şəkil alıb ki, insanların diqqətini bu cür daxili böhrandan yayındırmaq üçün başqa bir hədəfin seçilməsindən özgə yol qalmayıb. Bu da Azərbaycanı müharibə ilə hədələmək yoludur ki, son zamanlar Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən vaxtaşırı səsləndirilir. Məsələnin mahiyyəti də bundan ibarətdir. Ermənistanda çox gözəl dərk edirlər ki, müharibə olacağı təqdirdə erməni ordusunun məğlubiyyəti labüd və qaçılmazdır. Mən bunu Ermənistan düşmən ölkə olduğuna görə demirəm. Burda piar qurmaqdan da uzağam. Reallıq və həqiqət budur ki, Ermənistanın indiki ordusu tam dağınıq vəziyyətdədir”.
MN təmsilçisi onu da qeyd edib ki, son bir ildə ermənilərin keçirdikləri uğursuz təlimlər və bu təlimlərin düzgün idarə edilməməsi ucbatından ondan yuxarı erməni əsgərinin ölümü həmin ordunun hansı vəziyyətdə olduğunu açıq-aşkar göstərir: “Ermənistan Silahlı Birləşmələrinin keçirdiyi sonuncu təlimdə isə 76 əsgərə səhər yeməyi çatmadığına görə onlar təlimdə iştirakdan boyun qaçırıblar. Sonucda bu ac-yalavac əsgərlər barədə Ermənistanın hərbi prokurorluğu cinayət işi qaldırıb. Belə olduğu halda ermənilər hansı mobil orduya arxalanıb, savaş apara bilərlər? Bu mümkün deyil. Sadəcə, onları müəyyən dərəcədə «cəsarətə» gətirən bir amil var və müvəqqəti olsa da ona güvənirlər. Forpost erməni nazirini danışdıran da budur. Burada başqa bir şey axtarmağa lüzum yoxdur. Ohanyan hücum və əks-hücum taktikasını tez-tez işlədir. Lakin qeyd etmək istərdim ki, son il yarımda bir neçə dəfə belə lokal hücum əməliyyatlarına əl atmağa cəhd göstəriblər, hamısı da uğursuzluqla nəticələnib və düşmən yetərincə itki verərək geri çəkilib. Bunun ardınca da bir neçə erməni əsgəri aclıq ucbatından Azərbaycan tərəfə keçiblər, indiyə qədər də bizim çörəyimizi yeyirlər. Belə baxanda Ermənistanın heç vaxt öz çörəyi olmayıb. Özgələr yedizdirib, içizdirib və sonda da naxələf çıxıblar.
Nəhayət, erməni nazirin bu cür bəyanatları daxili siyasətə hesablanan hiyləgər gedişlərdir”.
E. Sabiroğlu Azərbaycan Ordusu ilə Ermənistan Ordusunu müqayisə etməyin qətiyyən düzgün olmadığını bildirib: “Çünki bizim güclü ordu barədə iddialarımızın sarsılmaz əsasları vardır və bunun üçün möhkəm bünövrə yaranıb. Ölkəmizin yüksək iqtisadi imkanları hərbi potensialımızın inkişafına geniş yol açıb. İndi Azərbaycan öz güclü ordusu ilə Cənubi Qafqazda aparıcı dövlət hesab olunur. Müharibəni aparmaq və udmaq üçün Azərbaycan Ordusu bütün imkanlara malikdir. Heç kimin buna şübhəsi olmasın. Bu gün bütün qoşun növləri tam olaraq müasir standartlara yiyələnib. Azərbaycanın dövlət rəhbərliyi ordumuzun hərtərəfli təminatı üçün hər bir işi görür. Müharibəni iki amil həll edir. Birincisi, əsgərin psixoloji cəhətdən döyüşə hazırlığı, digəri isə lazımi silah-sursatın olmasıdır. Bu iki amilə görə də Silahlı Qüvvələrimiz Ermənistandan qat-qat üstündür. Düşmən o qədər də arxayın olmasın ki, işğal etdikləri torpaqlarda axıra qədər otura biləcək. Təcavüzkarı yurd-yuvalarımızdan vurub çıxarmaq üçün müharibə variantı arzu kimi yox, məhz reallıq kimi Azərbaycan əsgərinin qarşısında durur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR