Müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasından 18 il ötür

Müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasından 18 il ötür
# 09 oktyabr 2009 07:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Bu gün Azərbaycanın ikinci müstəqilliyi dövründə Silahlı Qüvvələrin yaradılmasından 18 il ötür. APA-nın məlumatına görə, 1991-ci il oktyabr ayının 9-da Ali Sovet (indiki Milli Məclis) Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edib. Elə həmin gündən keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18 110 saylı hərbi hissəsinin nəzdində Azərbaycan Silahlı Qüvvələrinin ilk briqadasının birinci taborunun formalaşdırılmasına başlanıb. Oktyabrın 11-də isə birinci tabor könüllülərdən ibarət ilk heyətini qəbul edib.

İlk hərbi hissənin təşkilatlanması NATO standartlarında olduğu kimi – briqada formasında aparılıb. Hərbi hissənin komandiri polkovnik Zaur Rzayev olub. 1991-ci il dekabrın 10-da Şuşa və Goranboy istiqamətlərində döyüşə girən bu hərbi hissə atəşkəs dövrünədək Qarabağ və ətraf rayonlarda gedən bütün döyüşlərdə iştirak edib.

Qeyd edək ki, oktyabrın 9-da həm də Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi paradı keçirilib. 1992-ci il oktyabrın 9-da Bakı şəhərində keçirilən hərbi parad da daxil olmaqla, bu günədək Azərbaycan Silahlı Qüvvələri cəmi 2 hərbi parad keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR