Eldar Sabiroğlu: “Öz torpaqlarını işğaldan azad etmək üçün hansı məqbul yolu seçəcəyi Azərbaycanın öz suveren hüququdur”

Eldar Sabiroğlu: “Öz torpaqlarını işğaldan azad etmək üçün hansı məqbul yolu seçəcəyi Azərbaycanın öz suveren hüququdur”
# 20 iyul 2010 14:02 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu Ermənistan Müdafiə Nazirliyinin “İnterfaks” agentliyinə müsahibəsində söylədiyi fikirləri şərh edib. Eldar Sabiroğlu APA-ya bildirib ki, həmin müsahibədə sualların qoyuluşu erməni naziri məmnun etməyə bilməzdi: “Etiraf etmək lazımdır ki, çox isti bir münasibətlə verilmiş suallardı. Bu, agentliyin öz işidir. Biz bu özəlliyin dərinliyinə varmaq istəmirik. Mahiyyətə gəldikdə isə nazir Seyran Ohanyanın regiondakı vəziyyətə, Ermənistan, Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yanaşmaları məni heyrətləndirmədi. Eyni şeylər onun dilindən dəfələrlə səsləndirilib. Bircə fərq ondan ibarətdir ki, erməni nazir bu dəfə Rusiyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana verdiyi güvəncəni daha acıq və daha yuxarı tonda ifadə edib. Bununla o, belə demək mümkünsə, qazanın ağzını əməlli - başlı acıb”.

Eldar Sabiroğlu bildirib ki, Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli təkzibedilməz faktdır: “Bunun başqa yolu yoxdur. İşğalın aradan qaldırılması vəziyyəti nə qədər yubanacaqsa, bölgədə vəziyyət də bir o qədər mürəkkəb şəkil alacaqdır. Seyran Ohanyan hər şeydən danışır, nədənsə münaqişənin həlli üçün Madrid prinsiplərini dilinə gətirmir. Səbəbi bəllidir - işğalçı siyasət Ermənistanın hakim dairələrinin şüurundan silinib getməyincə münaqişənin həllində sülh variantı arxa planda dayanacaq. Seyran Ohanyan bu müsahibəsində də Azərbaycanın müdafiə büdcəsinin 2 milyard dollara çatdırıldığını böyük narahatlıqla vurğulamaqla yanaşı, Azərbaycanı militarist siyasətdə günahlandırır. Adi məntiq belə bu iddianı büsbütün rədd edir. Ona görə ki, Azərbaycan kimsənin bir qarış torpağını, o cümlədən də Ermənistanın ərazisini işğal etməyib. İşğal olunan Azərbaycan torpaqlarıdır. Öz torpaqlarını işğaldan azad edilməsi üçün hansı məqbul yolu seçəcəyi Azərbaycanın öz suveren hüququdur. Ermənistan 20 ildir ki, təcavüzü davam etdirir. Bir milyondan çox azərbaycanlının yurd - yuvası bu işğal nəticəsində darmadağın edilib. Saysız - hesabsız maddi mədəniyyət abidələri, qəbiristanlıqlar yerlə - yeksan olub. Bunu bütün dünya bilir. BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi, Avropa İttifaqının və Avropa Şurasının Ermənistanın işğalçı siyasətini hədəfə alan qətnamələri bu gün hansı dövlətin təcavüzkar olduğunu və məkrli siyasət yürütdüyünü aydın şəkildə sübut edir. Əlbəttə ki, erməni nazir bunlardan danışa bilməz. Ona görə ki, bu haqsız siyasətdə, tökülən qanlarda, Xocalı qətliyamında onun rolu az olmayıb. Görünür, bunlar ona azlıq edir. Ona görə də yenə eyni davranışı nümayiş etdirir”.

Eldar Sabiroğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipindən kənarda həlli qeyri-mümkündür: “Bunu Azərbaycan prezidenti cənab İlham Əliyev bir daha acıq şəkildə bəyan etdi. Beynəlxalq hüquq da bunu inkar etmir. Erməni nazir yaxşı bilməlidir ki, Dağlıq Qarabağı müstəqil qurum kimi heç bir beynəlxalq təşkilat və dövlət tanımayacaq. Bu, absurddur. Uğursuz cəhdləri davam etdirmək yalnız Ermənistanın ziyanına işləyə bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR