Tərtər cəbhəsində ermənilərin hücumunu dəf edərkən şəhid olmuş Azərbaycan əsgərlərinin hərbi xidməti başa vurmasına bir ay qalırmış - REPORTAJ - FOTOSESSİYA

Tərtər cəbhəsində ermənilərin hücumunu dəf edərkən şəhid olmuş Azərbaycan əsgərlərinin hərbi xidməti başa vurmasına bir ay qalırmış - <font color=red>REPORTAJ  - FOTOSESSİYA</font>
# 01 sentyabr 2010 16:59 (UTC +04:00)
Dəfn mərasimlərində hərbçilər, icra hakimiyyəti orqanlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər. APA-nın əməkdaşları da dəfn mərasimlərinə qatılıb, şəhidlərin yaxınlarının dərdlərini bölüşüblər.

APA-nın Sabirabada ezam olunmuş əməkdaşı Xəlfəli kəndinə çatanda sakinlərin hüzn içində olduğunu ilk baxışdan sezilirdi. Artıq kənddə kiçikdən böyüyə, hamı həmkəndliləri Pərvin Abdullayevin düşmən hücumunu dəf edən zaman qəhrəmancasına həlak olduğundan xəbərdar idi.

Şəhidin evinin yerləşdiyi küçə insanlarla dolu idi. Kənd sakinləri, rayon ictimaiyyətinin və rayon İcra Hakimiyyətinin nümayəndələri, xidmət etdiyi hərbi hissədə tabor komandiri, döyüş yoldaşları - hamı Pərvin Abdullayevi son mənzilə yola salmağa toplaşıb. Saat 14.00-da cənazə son mənzilə uğurlanmaq üçün qaldırıldı.

Azərbaycan bayrağına bükülmüş Pərvin yaxınlarının, dostlarının çiyində məzarlığa yol aldı...

Pərvin onu sevən insanların duaları və göz yaşları ilə son mənzilə yola salındı. O, Xəlfəli kəndində I Qarabağ müharibəsi zamanı şəhid olmuş həmkəndliləri ilə bir sırada dəfn olundu. Cənazəsi bükülmüş Azərbaycan bayrağı isə məzarının başı üzərində asıldı.

Şəhidin əmisi Nəsir Abdullayev APA-nın əməkdaşı ilə söhbətində bildirib ki, Pərvinin hərbi xidməti başa vurmasına 1 ay qalıbmış. N. Abdullayevin sözlərinə görə, qardaşı oğlu hərbi xidmətdən heç vaxt narazılıq etməyib: “Mən qardaşım oğlunun düşmənə layiqli cavab verdiyinə inanıram. Pərvin halal zəhmətlə böyüyüb. Atası üçüncü qrup əlildir. O, ailənin böyük oğlu olduğundan çətinlikdən yayınmayıb, həmişə ailəsinin başını uca edib”.

Digər şəhid, İmişli rayonunun Xosçobanlı kəndinin sakini Vüqar Əmirov da doğulduğu kənddə torpağa tapşırılıb. Şəhidin atası Əmirəli Əmirov APA-nın Mil-Muğan bürosunun əməkdaşına çətinliklə bir neçə söz deyə bilib: “Vüqar təbiətən çox gülərüz, şən bir uşaq idi. Evə dönməsinə bircə ayı qalmışdı. Tale imkan vermədi. Vüqargil iki qardaş, bir bacı idilər. Qardaşı Vüsal Texniki Universiteti bitirdikdən sonra orduya gedib. Vüsal hazırda Sərhəd Qoşunlarında xidmət edir. Qardaşının həlak olmasından xəbəri yoxdur. Hərbi hissənin komandirindən onun başqa adla evə buraxılmasını xahiş ediblər”.

Vüqarın əmisi Əli Əmirov da fikirlərini bölüşüb: “Atışma zamanı Vüqara 3 güllə dəyib. Vüqar doğulduğu, boya-başa çatdığı Xosçobanlı kəndinin qəbiristanlığında dəfn edildi. Yerli hakimiyyətdən onun rayonun şəhidlər xiyabanında dəfn edilməsini təklif edən də olmadı. Axı Vüqar Vətən yolunda döyüşərək şəhid olub”.

Ə. Əmirov dəfn mərasimində rayon rəsmilərinin iştirakının aşağı səviyyədə olmasından da gileylənib.

Qeyd edək ki, avqustun 31-də saat 16.30-da Ermənistan silahlı bölmələrinin təxribat qrupu Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd edib. Azərbaycan əsgərinin güclü müqaviməti nəticəsində düşmən 3 itki və bir neçə yaralı verərək geri oturdulub.

Döyüş zamanı Azərbaycan Ordusunun 2 əsgəri - 2009-cu ilin aprelində İmişli Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Əmirov Vüqar Əmirəli oğlu və 2009-cu ilin aprelində Sabirabad Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Abdullayev Pərvin Nəbi oğlu qəhrəmancasına şəhid olublar.

Allah rəhmət eləsin!
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR