Ermənistanın 2013-cü il üçün hərbi xərcləri Azərbaycanın hərbi xərclərindən 4,3 dəfə az olacaq

Ermənistanın 2013-cü il üçün hərbi xərcləri Azərbaycanın hərbi xərclərindən 4,3 dəfə az olacaq
# 02 noyabr 2012 12:43 (UTC +04:00)
APA-nın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, rəsmi İrəvan hərbi xərclərini 2012-ci illə müqayisədə təxminən 105 milyon dollar artırır.

Ermənistan maliyyə nazirinin müavini Pavel Safaryan parlamentdə büdcənin müzakirəsi zamanı bildirib ki, bu vəsaitin 177 milyard 845 milyon dramı (439 milyon dollar) sırf hərbi xərclərə yönəldiləcək. Bundan başqa, humanitar mina təmizləmə üzrə proqramlarının reallaşdırması və ekspert xidmətlərinin təşkilinə 94,7 milyon dram (233 756 dollar) vəsaitin ayrılması planlaşdırılır.

Ermənistanın 2013-cü il dövlət büdcəsinin gəlirləri 2,5 milyard dollar, xərcləri isə 2,2 milyard dollar proqnozlaşdırılır.

Qeyd edək ki, Ermənistanın hərbi xərcləri Azərbaycanın 2013-cü ildə dövlət büdcəsində müdafiə xərcləri bölməsi üzrə nəzərdə tutduğu vəsaitdən 4,3 dəfə azdır. Azərbaycanın 2013-cü il dövlət büdcəsində müdafiə xərcləri bölməsi üzrə Silahlı Qüvvələrə, təhlükəsizlik qüvvələrinə və hərbi sənaye sahəsinə bilavasitə 1 milyard 528 milyon 582 min manat (1 milyard 947 milyon 238 min dollar) vəsait ayrılması nəzərdə tutulur.

Azərbaycan bundan başqa, humanitar mina təmizləmə üçünsə büdcədən 8180600 manat (10432572 dollar) ayıracaq.

Məlumat üçün bildirək ki, Azərbaycan hökuməti dövlət büdcəsindən gələn il ümumilikdə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, imkanlarının artırılması üçün 2 milyard 910 milyon 656 min manat (3,7 milyard dollar) ayırmağı planlaşdırır. Bura əlavə investisiyalar, Silahlı Qüvvələrin tərkib hissəsi olan Daxili Qoşunlar və Xüsusi Dövlət Mühafizə Xidmətinə (XDMX) ayrılan vəsaitlər də daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR