Azərbaycan Ordusunda hərbi intizamın vəziyyəti təhlil edilib

Azərbaycan Ordusunda hərbi intizamın vəziyyəti təhlil edilib
# 05 iyun 2023 13:11 (UTC +04:00)

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrin ideoloji iş və mənəvi-psixoloji təminat (İİ və MPT) üzrə şöbə və bölmə rəisləri, əlahiddə hərbi hissələrin qərargah rəislərinin İİ və MPT üzrə köməkçiləri və psixoloqları ilə toplantı keçirilib.

MN-dən APA-ya verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev toplantıda iştirakçılarına müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdırıb.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun nümayəndələrinin də iştirak etdiyi toplantıda 2023-ci il ərzində İİ və MPT sahəsində görülən işlər, hərbi intizamın vəziyyəti təhlil edilib, bu istiqamətdə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, cari il ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışlarından irəli gələn tapşırıqlar mütəmadi olaraq şəxsi heyətə çatdırılıb.

Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov Azərbaycan Ordusunda hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi məqsədilə qarşıya qoyulan tapşırıqların həlli istiqamətində görülən işlərdən danışıb, ideoloji iş və mənəvi-psixoloji təminat tədbirlərinin effektivliyinin artırılması ilə bağlı lazımi tövsiyələr verib.

Sonda tərbiyəvi işin planlı şəkildə aparılmasına, ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsinə, hüquq qaydalarının öyrənilməsi və hərbi intizamın möhkəmləndirilməsinə təsir edən mövzular ətrafında fikir mübadiləsi aparılıb, mühazirələr dinlənilib və maraq doğuran suallar cavablandırılıb.

Toplantı çərçivəsində, həmçinin yeni çağrılan gənc əsgərlərin xidmət şəraitinə uyğunlaşması, psixoloji sağlamlıqlarının qorunması məqsədilə onlarla ideoloji iş üzrə profilaktik söhbətlər aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR