Azərbaycanın  Zəfəri

Azərbaycanın  Zəfəri
# 10 iyun 2022 09:05 (UTC +04:00)

Dünyada çox xalqlar, millətlər var. Amma heç də bütün xalqların öz müstəqillikləri, öz dövlətləri yoxdur. İyirmi birinci əsrdə elm və texnologiyanın inkişaf etdiyi bir dövrdə belə elmdən, təhsildən kənarda qalan, əsarət altında yaşayan xalqlar da çoxdur. Tarix boyu Azərbaycan xalqı da yadellilərə qarşı mübarizə aparıb. Tarixin ayrı-ayrı dönəmlərində bizim müstəqil dövlətlərimiz olsa da, bu çox hallarda bədxahların hiyləsi ilə torpaqlarımızın düşmən tapdağına çevrilməsi kimi halları olub.

O da birmənalı həqiqətdir ki, dövlətin müstəqilliyini şərtləndirən və bu müstəqilliyin qorunmasını, əbədiliyini şərtləndirən əsas amillərdən biri Ordudur. Məhz xalqdan güc alan, Vətən uğrunda hər an ölümə atrılan vətənpərvər gənclərin sıralarında qulluq etdiyi Ordu müstəqilliyin qarantıdır. Tarixən böyük sərkərdələr, böyük dövlət xadimi olmaqla böyük sərkərdə kimi məşhurlaşmış simalar yetişdirmiş Azərbaycan xalqı bu mürəkkəb coğrafiyada var olmaq üçün Ordu quruculuğuna hər zaman xüsusi diqqət yetirib.

Təsadüfi deyil ki, XX əsrin əvvəlində müstəqil dövlət quruculuğu prosesi ilə ordu quruculuğu prosesi də paralel gedib. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edildikdən sonra, həmin ilin iyun ayının 26-da Müsəlman Korpusunun adının dəyişdirilib və Əlahiddə Azərbaycan Korpusu adlandırılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən 26 iyun Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib. Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusu, yəni ilk nizami ordu yaradıldıqdan sonra orduya çağırışlar başlayıb. Təəssüf ki, 1920-ci ilin aprel ayının 28-də Xalq Cümhuriyyətinin süqutu bütün bu sahədəki prosesləri dayandırıb.

Heydər Əliyev dühası

Azərbaycan ordusunun yenidən formalaşması, hərbi qulluqçuların hazırlanması prosesi bir daha 1969-cu ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra mümkün olub. Ulu Öndər ordu quruculuğuna yüksək diqqət ayırması nəticəsində 1971-ci ildə Cəmşid Naxçıvanskinin adına hərbi lisey yaradılıb. Hərbi liseyin yaradılması və qorunub saxlanması Ümummilli Liderin yalnız gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində mümkün olub. Həmin müddət ərzində dəfələrlə SSRİ rəhbərliyinin bu hərbi məktəbin bağlanmasına, bu məqsədlə yoxlayıcı komissiyalar göndərməsinə baxmayaraq, məktəbin fəaliyyəti təmin edilmişdir. Əlavə olaraq da hərbi qulluqçularımız Bakı Ali Birləşmiş Komandanlıq və Ali Hərbi Dənizçilik məktəblərində təhsil almış, eləcə də hərbi təhsil almaq məqsədilə SSRİ-nin digər hərbi məktəblərinə göndərilib.

SSRİ dağıldıqdan və ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə yaranmış özbaşınalıq ordu quruculuğundan da yan keçməyib. Ordunun vahid mərkəzdən idarə edilməməsi, habelə nizami ordunun qurulmaması ölkəmizə ağır fəsadlar hesabına başa gəlib.

Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də xalqın tələbi ilə hakimiyyətə yenidən qayıtdıqdan sonra bütün sahələr kimi, ordu quruculuğunun da əsası qoyulub. Bu sahədə həyata keçirilən uğurlu və məqsədyönlü siyasətin nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı yenidən formalaşdı, şəxsi heyətin döyüş ruhunun yüksəldilməsinə və mənəvi-psixoloji hazırlığının artırılmasına böyük diqqət yetirilib.

Habelə, yüksək ixtisaslı hərbi qulluqçuların hazırlanması məqsədilə 1999-cu ildə Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılıb, 2001-ci il Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi formalaşıb. Məhz bu dövrdə ordumuzun müasir yeniliklərə uyğun qurulması nəticəsində NATO ilə əməkdaşlığa başlanıb və bu əməkdaşlıq nəticəsində minlərlə hərbi qulluqçumuz xarici ölkələrdə həyata keçirilən proqramlarda iştirak edərək, geniş təcrübə və hərbi biliyə yiyələniblər.

Müzəffər Ali Baş Komandanın Ordusu

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sahəyə ayırdığı yüksək diqqət və qayğı nəticəsində daha da təkmilləşdirilib, müasir silahlarla təchiz edilib. Məhz dövlətimizin başçısının bu sahəyə ayırdığı diqqətin nəticəsində ordumuzun silah arsenalı müasir silahlarla təchiz edilib, habelə yüksək ixtisaslı kadrlar hazırlanaraq, şəxsi heyətin döyüş, mənəvi-psixoloji hazırlığı ən yüksək səviyyəyə qalxıb. Ən əsası ilə məhz Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə həyata keçirilən məqsədyönlü siyasət və görülən işlər nəticəsində formalaşmış vətənpərvərlik mühitində yetişmiş gənclərın sıralarında olduğu bu Ordu 21-ci əsrdə xüsusi təyinatlılığı müəyyənləşmiş Orduya çevrildi.

Dünyanın ən güclü ordularından birinə çevrilmiş şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə üzərinə qoyulmuş tarixi missiyanın öhdəsindən layiqincə gələrək bizə tarixi Qələbə bəxş edib. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmənə ardıcıl və sarsıdıcı zərbələr vuran rəşadətli ordumuz tarixi Qələbə çalaraq Vətən torpaqlarını düşmən işğalından azad etməyə müyəssər olub. Qazanılmış tarixi Qələbə Ermənistanı, dünyadakı erməni diasporunu, erməni kilsəsini və onların havadarlarını reallığı qəbul etməyə məcbur edbi və düşmənin işğalına birdəfəlik son qoyulub. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Ordumuz misli görünməmiş bir tarix yazaraq, düşməni döyüş meydanında darmadağın edib. Düşmən ordusu pərən-pərən düşdükdən sonra on minlərlə hərbçisi fərarilik edərək Ermənistan ordusundan qaçıb. Məhz bu müharibə dövlətimizin başçısının ordu quruculuğuna ayırdığı diqqətin, eyni zamanda, müdafiə sənayesi məsələsini hər zaman dövlətin əsas xətlərindən biri kimi müəyyən edərək önəm verməsinin, eləcə də uzaqgörən xarici diplomatiyanın bəhrəsi idi.

Qəhrəman Ordumuzun göstərdiyi şücaət, uğurlu taktiki əməliyyatlar və şəhidlərimizin qanı-canı bahasına biz tarixi Qələbənin şahidi olduq. Qazanılmış bu Qələbə şanlı tariximizin ən böyük hadisələrindən biri olmaqla yanaşı, hər zaman xalqımızın yaddaşında qalacaq. Vətən müharibəsində ordumuzdan bir nəfərin belə olsun fərari olmaması, yaralı əsgər və zabitlərimizin öz müalicələrini yarımçıq saxlayaraq yenidən döyüş meydanına qayıtmaq həvəsləri, üzərlərinə düşən tarixi missiyanı uğurla başa vurmaları Vətənə olan sevginin ən yüksək səviyyədə təcəssümüdür. Vətən uğrunda ölümə atılan bu vətənpərvər gənclik isə məhz Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə həyata keçirilən məqsədyönlü siyasət və işlər nəticəsində formalaşmış vətənpərvərlik mühitində yetişmiş gənclər idi.

Zəfərlərin qazanılmasında böyük sərkərdə və vətənpərvər, yüksək döyüş qabiliyyətinə malik Ordu amillərinin həlledici rolunu vurğulayan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyir ki, bu, tarixi bir Zəfər bir nümunə kimi aparıcı ölkələrin siyasi-hərbi rəhbərlikləri, dünyanın nüfuzlu düşüncə və hərbi mərkəzləri tərəfindən xüsusi olaraq araşdırılmaqda, öyrənilməkdədir: “Ali Baş Komandanın rəhbərlik etdiyi vətənpərvər Ordu çox qısa müddətdə - cəmi 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd azad etdi, nəticədə Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atdı, öz qoşunlarını Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi”.

Beləliklə, Müzəffər Ali Baş Komandanın qətiyyəti və böyük sərkərdəlik qabiliyyəti, rəhbərlik etdiyi vətənpərvər Ordu, xalqımızın vəhdəti Zəfərimizi təmin etdi.

Ali Baş Komandan İlham Əliyev bundan sonrakı mərhələdə Ordumuzun qüdrətinin daha da artırılması üçün əsas istiqaməti də müəyyənləşdirib. Ali Baş Komandan bildirib ki, Türkiyə Ordusunun daha kiçik modelini qururuq və qarşımızda bölgədə heç kim dura bilməz. Tarixi Şuşa Bəyannaməsi də iki qardaş ölkənin ordu quruculuğu və qarşılıqlı hərbi yardım sahəsində vəzifələrini müəyyənləşdirib. İki qardaş və müttəfiq ölkənin birgə səyi ilə Azərbaycan Ordusunun bundan sonra hər zaman bölgənin ən güclü, dünyanın isə ən güclü ordularından biri olacağına heç kəsin şübhəsi ola bilməz.

Qeyd: Yazı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun 22 iyul - Azərbaycanda Milli Mətbuat Günü ilə əlaqədar elan etdiyi şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş "Mənəvi dəyərlərimiz: vətənpərvərlik" adlı məqalə müsabiqəsinə təqdim etmək üçün hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR