Bu il minatəmizləmə sahəsində görüləcək işlər açıqlanıb

Bu il minatəmizləmə sahəsində görüləcək işlər açıqlanıb
# 07 yanvar 2022 15:07 (UTC +04:00)

“2020-ci il 24 noyabr tarixində ölkə rəhbərinin sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclaslarında müvafiq çağırışlar və qarşıda duran məqsədlər geniş müzakirə olunur”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Onun sözlərinə görə, iclaslarda iştirak edən Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurum nümayəndələri hesabatlar təqdim edir: “Qeyd edim ki, ANAMA işğaldan azad edilən ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətində əsas əlaqələndirici orqandır.

Minatəmizləmə istiqamətində qurumların 2022-ci ilin tədbirlər planına əsasən ümumilikdə 40.000 ha ərazinin təmizlənməsi planlaşdırılır. ANAMA-nın öhdəliyinə düşən ərazi 20.000 ha təşkil edir. Məhz yeni müdavimlərin hazırlanması Qarabağda icra olunan əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsinə xidmət edəcək.

Bildirim ki, yeni müdavimlərin hazırlanması müəyyən müddət tələb edir, təlimlər həm nəzəri, həm də praktiki şəkildə həyata keçirilir. Ümumilikdə, yeni müdavimlərə keçirilən təlimlər Əsas Humanitar Minaaxtarma (ƏHM) və Döyüş Sahələrinin Təmizlənməsi, eləcə də Humanitar Minatəmizləmə Fəaliyyətinə İnteqrasiya üzrə kurslardan ibarətdir”.

İdarə Heyətinin sədri 2022-ci ildə ANAMA əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində hansı işlərin planlaşdırıldığını da açıqlayıb: “Bir müddət öncə ANAMA ilə Böyük Britaniyanın nüfuzlu MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatı arasında Anlaşma memorandumu imzalandı. Sənədə əsasən Agentliyin yeni supervayzerləri üçün 6 ay nəzəri və 6 ay praktiki təlimlərin keçirilməsi, monitorinq və qiymətləndirmə prosesinə dəstək verilməsi gözlənilir. Əminəm ki, sahə üzrə əldə edilən biliklər humanitar minatəmizləmə fəaliyyətinin icrasına öz müsbət töhfəsini verəcək.

Həmçinin, Böyük Britaniyanın Müdafiə Nazirliyi tərəfindən ANAMA-nın 15 nəfər partlayış qrupu işçiləri üçün “EOD level 3+” təlimlərinin keçirilməsi gözlənilir. Agentliyin əməkdaşları partlayıcı sursatların zərərsizləşdirilməsi istiqamətində əlavə bilik və bacarıqlara yiyələnəcək. Təlimlərdə partlayış əməliyyatlarının planlaşdırılması, idarəedilməsi və tapşırıqların icrası fəaliyyəti də əhatə olunacaq”.

ANAMA sədri vətəndaşlara da müraciət edib: “İlk öncə vətəndaşlara təşəkkür etmək istərdim ki, il ərzində çağırışlarımıza diqqət edərək təhlükəli ərazilərə səfər etmədilər. Bizim fəaliyyətimizin fasiləsiz və davamlı icra edilməsi üçün şərait yaratdılar. Bu il “Böyük Qayıdış” proqramı üzrə Qarabağa ilk sakinlərin köç edilməsi gözlənilir, onlara partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçiriləcək.

Bildirim ki, Agentlik tərəfindən 130 dövlət qurumu və özəl müəssisənin 5000-dən yuxarı əməkdaşı ümumi maarifləndirmə və təlimçilərin təlimi proseslərinə cəlb olunub. Minalı ərazilərə yaxın 80 kənddə mina təhlükəsi ilə mübarizə qrupları yaradılıb. Eyni zamanda, minlərlə maarifləndirici və xəbərdaredici materiallar hazırlanaraq əhaliyə paylanılıb.

Maarifləndirmə - minatəmizləmə əməliyyatlarının mühüm istiqamətlərindən biri olaraq tərəfimizdən davam etdiriləcək. Necə deyərlər, güc birlikdədir – bu səbəbdən fürsətdən istifadə edib, vətəndaşlarımıza müraciət etmək istəyirəm ki, gəlin bir olaq, təmkin göstərək və təhlükəsiz Qarabağımıza sağlam qayıdaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR