DİN Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirib - FOTO

DİN Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirib - FOTO
# 05 noyabr 2022 16:58 (UTC +04:00)

Noyabrın 5-də Dövlət Akademik Milli Dram Teatrında Daxili İşlər Nazirliyi tərəfindən 8 Noyabr - Zəfər Gününün ikinci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

APA xəbər verir ki, tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər.

Əvvəlcə respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himni səsləndikdən sonra Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun 8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbir iştirakçılarına ünvanladığı təbrikləri və xoş arzuları onların nəzərinə çatdırılıb.

Daxili İşlər Nazirliyinin İdarə rəisi, polis polkovniki Elçin Məmmədli çıxış edərək qeyd edib ki, dövlət başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş hərbi qulluqçular və polis əməkdaşları bilik və bacarıqlarını, peşəkarlıqlarını artırmaqla onlara göstərilən bu etimadı doğrultmaq üçün səy və bacarıqlarını əsirgəmirlər.

Tədbirin davamında çıxış edənlər Daxili İşlər Nazirliyinin "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Dəstəsinin komandiri, "Zəfər" ordenli kapitan Anar Mahmudov, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmiş Hacıqabul Rayon Polis Şöbəsinin bölük komandiri, polis mayoru Elçin Bəhmənov, "Şuşanın azad olunması" medalı ilə təltif edilmiş DİN-in Əlahiddə Çevik Polis Alayının polis nəfəri, kiçik serjant Kənan Sultanov və digərləri istər Birinci Qarabağ döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının ön cəbhənin müxtəlif istiqamətlərində işğalçı düşmənə qarşı mətinliklə döyüşdüklərini bildiriblər. Çıxışçılar bu gün işğaldan azad olunan ərazilərdə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının xidməti vəzifələrini böyük qürur hissi ilə davam etdirdiklərini məmnunluqla qeyd ediblər.

Tədbirin sonunda xalq artisti Azər Paşa Nemətovun müəllifi və quruluşçu rejissoru olduğu "Zəfər yolu" tamaşası nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR