Dövlət Komissiyasının hesabat iclası keçirilib

Dövlət Komissiyasının hesabat iclası keçirilib
# 17 iyun 2022 20:10 (UTC +04:00)

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ötən dövr ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair iclası keçirilib.

Komissiyadan APA-ya verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Komissiyanın Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş yeni tərkibdə ilk iclasını açıq elan etdikdən sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Son illərdə Dövlət Komissiyası tərəfindən görülən işlər barədə danışan sədr Əli Nağıyev Birinci Qarabağ müharibəsində itkin düşən 3890 nəfər Azərbaycan vətəndaşı barədə məlumatların Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının ziddinə olaraq bu günə kimi təqdim olunmadığını, onların sırasından yalnız 100-dən artıq itkin düşmüş şəxsə aid olması ehtimal olunan meyit qalıqlarının təhvil verildiyini və hazırda eyniləşdirmə prosesinin aparıldığını vurğulayıb. Eyni zamanda bildirilib ki, Vətən müharibəsi başa çatdıqdan sonra 12 nəfər hərbçimizin yaralanaraq əsir düşdüyü məlum olmuş və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa vaxtda Vətənə qaytarılmışlar. 6 hərbçimizin isə taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadır. Humanizm prinsiplərini daim rəhbər tutan Azərbaycan Respublikası isə əldə olunmuş tarixi Qələbədən sonra düşmən tapdağından azad olunmuş torpaqlarda tapılmış 1713 Ermənistan hərbi qulluqçusunun qalıqlarını və müxtəlif vaxtlarda saxlanılmış 159 nəfər erməni əsiri qarşı tərəfə qaytarılıb.

Komissiya sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, itkin vətəndaşlarımızın axtarışı üzrə intensiv və təxirəsalınmaz tədbirlərin bundan sonra da davamlı və operativ şəkildə həyata keçiriləcəyini, bu istiqamətdə mövcud beynəlxalq əməkdaşlığın daha da genişləndiriləcəyini qeyd edib.

Eyni zamanda Yaxın Şərqdə baş vermiş silahlı münaqişələr zamanı qeyri-qanuni silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmiş şəxslərin İraq və Suriyada saxlanılan ailə üzvlərinin, xüsusən də qadın və uşaqların repatriasiyası və reabilitasiyası ilə bağlı müvafiq tədbirlərin görüldüyü və hazırkı vaxtadək hər iki ölkədən birlikdə mərhələli şəkildə 366 nəfərin repatriasiya edildiyi nəzərə çatdırılıb.

Sonra Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov çıxış edərək cənab Əli Nağıyevin rəhbərliyi altında son illərdə Dövlət Komissiyası tərəfindən əsir və itkin düşmüş şəxslərlə əlaqədar həyata keçirilmiş önəmli tədbirlər barədə geniş məlumat verib, qurumun fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, bu sahə üzrə mötəbər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətlərinin qurulduğunu vurğulayıb, həmçinin meyit qalıqlarının axtarışı zamanı yeni texnologiyaların uğurlu tətbiqindən danışıb. Natiq bildirib ki, bu günədək Ermənistan tərəfindən təhvil verilən, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aşkar edilən və ölkə ərazisindəki naməlum şəhid məzarlıqlarında dəfn edilən meyit qalıqları üzrə ümumilikdə 282 məhkəmə molekulyar-genetik ekspertizası təyin olunub.

Tədbirdə həmçinin Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov İraq və Suriyada saxlanılan Azərbaycan vətəndaşlarının repatriasiyası ilə bağlı məruzə edib, bu sahədə görülmüş və gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR