Azərbaycan Dövlət Sərhəd Xidməti həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın ikitərəfli, regional və beynəlxalq səviyyədə həyata keçirilməsinə və inkişafına böyük əhəmiyyət verir.
APA xəbər verir ki, bunu DSX rəisi, general-polkovnik Elçin Quliyev MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-cı iclasında çıxışı zamanı deyib.
“Qonşu ölkələrin sərhəd qurumları ilə qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Rusiya, Qazaxıstan, Türkmənistan, Gürcüstan, Türkiyə və İranın nümayəndələri ilə görüşlər və məsləhətləşmələr keçirilir, gələcək əməkdaşlığın yeni forma və üsulları nəzərdən keçirilir. Nümunə olaraq Xəzər dənizində rusiyalı və qazaxıstanlı həmkarlarla birgə əməliyyat-profilaktik tədbirlərin keçirilməsi təcrübəsini qeyd etmək istərdim. Sərhəd gəmilərinin qarşılıqlı dostluq səfərləri həyata keçirilir, sərhəd nəzarəti və əməliyyat orqanlarının xətti ilə işçi görüşlər keçirilir, Azərbaycan-Rusiya dövlət sərhədində demarkasiya işləri uğurla davam etdirilir, operativ məlumat mübadiləsi aparılır və Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan məsələlərlə bağlı əlaqələndirmə aparılır", - DSX rəisi vurğulayıb.