Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirilib - FOTO

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirilib - FOTO
# 08 may 2023 18:10 (UTC +04:00)

Əlahiddə Ümumqoşun Orduda qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimi keçirilib.

APA xəbər verir ki, təlim ssenariyə uyğun olaraq birləşmə, hissə və bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi məqsədilə döyüş təyinatlı rayonlara çıxarılması ilə başlanılıb.

Təlimin növbəti mərhələsi idarəetmə məntəqlərinin açılması, qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, qərarların qəbul olunması üçün zəruri hesabatların aparılması, bölmələr arasında qarşılıqlı əlaqənin saxlanılması və hərtərəfli təminatın təşkili üzrə tədbirlərin yerinə yetirilməsi ilə davam etdirilib.

Praktiki fəaliyyətlərə cəlb olunan birləşmə, hissə və bölmələrin tapşırıqları dəqiqləşdirilib, döyüş fəaliyyətlərinin gedişində artilleriya, tankəleyhinə və hava hücumundan müdafiə bölmələrinin ümumqoşun birləşmələri ilə qarşılıqlı fəaliyyəti ərazidə məşq etdirilib.

Təlimin praktiki mərhələsində hər zaman yüksək döyüş hazırlığı və peşəkarlığı ilə fərqlənmiş xüsusi təyinatlılar tərəfindən şərti düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə və vacib obyektlərinə basqınlar keçirilib.

44 günlük Vətən Müharibəsində əldə olunan döyüş təcrübəsindən yararlanan xüsusi təyinatlı bölmələr mövqeləri ələ keçirdikdən sonra yaxınlaşma yollarında şərti düşmənin ehtiyyatlarına pusqular quraraq məhv edib və onların yaxınlaşmasının qarşını alıb.

Döyüşün uğurlu dinamikasından faydalanan tank və mexanikləşdirilmiş bölmələr hücumu dərinliyə doğru inkişaf etdirərək şərti düşmənin canlı qüvvəsini və döyüş texnikalarını məhv ediblər.

Təlimdə döyüş tapşırıqlarının daha operativ və dəqiq yerinə yetirilməsinə, qərargahlar tərəfindən əməliyyat planlarının təfərrüatlı hazırlanmasına, mürəkkəb əməliyyat şəraitində qoşunların döyüş fəaliyyətlərinin düzgün idarə edilməsinə, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkilinə xüsusi diqqət yetirilib.

Komanda-qərargah təliminin sonuncu mərhələsində qəbul edilmiş qərarların və aparılmış hesabatların reallığı Simulyasiya Mərkəzində kompüterlər üzərində yoxlanılıb.

Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılıb. Yekunda bildirilib ki, “Əlahiddə Ümumqoşun Ordunun 2023-cü tədris ilinə hazırlıq planı”na əsasən keçirilən komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib, komandir və qərargahların döyüşü idarəetmə vərdişlərinin daha da təkmilləşdirilməsi istiqamətində böyük təcrübə qazanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR