Gürcüstanda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib - FOTO

Gürcüstanda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib  - FOTO
# 08 noyabr 2022 15:36 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Saraclı kəndində Vətən müharibəsi şəhidi Elvin Əlimərdanovun adına olan bulağın açılışı olub.

APA-nın yerli bürosu xəbər verir ki, tədbirdə şəhidin doğmaları və kənd sakinləri ilə yanaşı, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay iştirak edib.

Elvin Əlimərdanovun xatirəsinə təşkil olunmuş ehsan süfrəsində əvvəlcə Qarabağ şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən səfir Faiq Quliyev qeyd edib ki, Azərbaycan xalqı və dünya azərbaycanlıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu ətrafında birləşərək 44 günlük Vətən müharibəsində tarixi qələbə əldə edib.

“Biz müharibə dövründə Gürcüstanda yaşayan soydaşlarımızın, kiçikdən böyüyədək hamının mənəvi vətənlərinə möhkəm bağlılığını hiss etdik və gördük”, - səfir vurğulayıb.

Faiq Quliyev əlavə edib ki, Türkiyə müharibə zamanı Azərbaycana böyük siyasi və mənəvi dəstək göstərib. O, Türkiyə səfiri Ali Kaan Orbay və qardaş ölkənin diplomatik nümayəndəliyinin bütün heyətinə minnətdarlıq edib.

Şəhid Elvin Əlimərdanovun atası İlham Əlimərdanov Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

O, oğlunun Vətənə böyük məhəbbətlə bağlı olduğunu və müharibədə iştirak etmək üçün cəbhəyə könüllü yola düşdüyünü qeyd edib. Vurğulayıb ki, müharibədə snayperçi kimi iştirak edən Elvin Əlimərdanov Suqovuşanda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb və göstərdiyi şücaətlərə görə ölümündən sonra müxtəlif medallarla təltif edilib.

İlham Əlimərdanov şəhid ailələrinə və qazilərə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR