Komitə sədri:  “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinə dövlət qurumları müsbət rəy verib"

Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

© APA | Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

# 25 yanvar 2022 16:32 (UTC +04:00)

Yanvarın 25-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2022-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komitə sədri Ziyafət Əsgərov gündəliyə payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və bir qanun layihəsinin daxil edildiyini deyib.

Sonra Ziyafət Əsgərov 2021-ci ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə məlumat verib.

Komitənin 2021-ci ilin payız sessiyasının hesabatı məqbul hesab edilib.

2022-ci ilin yaz sessiyası üçün komitənin iş planını təqdim edən Ziyafət Əsgərov diqqətə çatdırıb ki, bu sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi, habelə komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilməsi, vətəndaşların qəbulunun, ərizə və şikayətlərlə işin təşkili nəzərdə tutulub. İş planına “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin daxil edildiyini deyən komitə sədri sənədin yüksək səviyyədə hazırlandığını, müvafiq dövlət qurumlarından müsbət rəylərin verildiyini bildirib.

Komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.

Daha sonra iclasda “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb. Layihə Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılan döyüş əməliyyatlarında əldə edilmiş təcrübə əsasında hazırlanıb. Məqsəd bütün növ qoşunların maddi-texniki bazasının ən yüksək səviyyədə təmin edilməsidir.

Komitə üzvləri Elman Məmmədov və Arzu Nağıyev layihə barədə fikirlərini söyləyiblər, dəyişikliyin ordunun modernləşdirilməsi baxımından vacibliyini qeyd ediblər.

Müzakirələrdən sonra “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Aqil Abbas, Əminə Ağazadə, Oqtay Əsədov, Nurlan Həsənov, Elşad Mirbəşir oğlu, Aydın Mirzəzadə və Bəxtiyar Sadıqov iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR