Salyan, Zaqatala və İsmayıllıda şəhidlər dəfn edilib - FOTO

Salyan, Zaqatala və İsmayıllıda şəhidlər dəfn edilib - FOTO
# 15 sentyabr 2022 19:02 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Salyan rayonunun Qaraçala qəsəbə sakini, 2003-cü il təvəllüdlü Hüseynov Elmir Abdul oğlu Salyanda dəfn edilib.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, şəhidin nəşi doğulduğu Qaraçala qəsəbəsinə gətiriləndən sonra yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra 19 yaşlı şəhid Qaraçala kənd qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü şəhid Zaqatala rayon Qımır kənd sakini əsgər Turan Tərlan oğlu Məhərrəmovun cənazəsi bu gün doğulduğu kəndinə gətirilib.

APA-nın Şimal-Qərb bürosunun məlumatına görə, Turan Məhhərəmovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndirilib.

Şəhid Turan Məhhərəmov doğulub boya-başa çatdığı Qımır kənd qəbristanlığında dəfn olunub. Onun cənazəsi üzərindəki üç rəngli Azərbaycan bayrağı atasına təqdim olunub, havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, Turan Məhhərəmov nişanlı idi, oktyabrın 9-u onun toy mərasimi olmalıydı.

Şəhid hərbi qulluqçu Xəlilov Qədim İlqar oğlu bu gün doğulduğu İsmayıllı rayonunda torpağa tapşırılıb.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE), 2002-ci il təvəllüdlü Qədim Xəlilovun nəşi əvvəlcə Hacıhətəmli kəndindəki evinə gətirilib, orada cənazə namazı qılınıb, ruhuna dualar oxunub.

Mərasim iştirakçıları şəhidi "Qarabağ bizimdir, bizim olacaq!", "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarları səsləndirərək son mənzilə yola salıblar.

Birinci Qarabağ müharibəsində əmisi, indi isə özü şəhid olan Qədim Xəlilov doğulduğu kənddə torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəhbərliyi, deputatlar, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

Əlibəy Zeynallı

Vüqar Heydərov

Şahnəzər Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR