Şəhid Elnur Məhərrəmov Göyçayda dəfn olunub - FOTO - VİDEO

Şəhid Elnur Məhərrəmov Göyçayda dəfn olunub - FOTO  - VİDEO
# 15 sentyabr 2022 17:35 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan ordusunun əsgəri, 2001-ci il təvəllüdlü Məhərrəmov Elnur Nərbala oğlunun cənazəsi bu gün doğulduğu Göyçay rayonunun Şəkər kəndinə gətirilib.

APA-nın yerli bürosunun xəbərinə görə şəhid Elnur Məhərrəmovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Göyçay Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib.

Şəhid Elnur Məhərrəmov həmin kəndin qəbiristanlığında dəfn olunub, cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı şəhidin atası Nərbala Məhərrəmova təqdim olunub, havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, Azərbaycan Universitetinin tələbəsi olan Elnur Məhərrəmov könüllü olaraq 11 ay öncə ali təhsilini dayandıraraq hərbi xidmətə yola düşüb. O, əsgəri xidməti başa çatdıqdan sonra ordu sıralarında qalaraq hərbi qulluqçu kimi Vətənə xidməti davam etdirmək arzusunda idi.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR