Vüqar İskəndərov: “Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır”

Vüqar İskəndərov, Milli Məclisin deputatı

© APA | Vüqar İskəndərov, Milli Məclisin deputatı

# 18 iyul 2022 16:57 (UTC +04:00)

“Azərbaycanda güclü, nizami, müasir ordu quruculuğu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edib. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan Ordusunun potensialının şahidi oldu: “Qısa müddət ərzində Ordumuz düşmənə sarsıdıcı zərbə vurdu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu, irimiqyaslı islahatlar bəhrəsini verdi, Ordumuz tarix yazdı”.

Vüqar İskəndərov deyib ki, orduya diqqət və qayğı postmüharibə dövründə də davam edir: “Bu günlərdə Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən və bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bəyan edildiyi kimi 2022-ci ilin altı ay ərzində də hərbi sahədə struktur islahatları, o cümlədən hərbi təhsildə islahatlar aparılıb, yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Büdcəyə də əlavələr, dürüstləşmə edildi və hərbi xərclər əhəmiyyətli dərəcədə artırıldı. Bu artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. Bir sözlə, Azərbaycanda ordu quruculuğu sahəsində işlər davam etdirir”.

Vüqar İsəndərov əlavə edib ki, buna paralel olaraq hərbçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir: “Hərbçilərin həm xidmət şəraiti, həm mənzil şəraiti istiqamətində davamlı addımlar atılır. Azərbaycanda bu sahədə görülən işlər dünyada nadir hallarda təkrarlanır. İndi qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bizim bütün hərbi şəhərciklərimiz əsaslı şəkildə təmir edilir, 90 faizi yenidən qurulub. O cümlədən azad edilmiş torpaqlarda hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur qurulur. Əlbəttə ki, müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir və müvafiq göstərişlər verilmişdir. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olunublar. Azərbaycan bunu etməklə öz sağlamlığını itirmiş hərbçilərin dövlət tərəfindən daim qayğı ilə əhatə olunduğunu bir daha sübut edir”.

Deputat bildirib ki, görülən bu işlərin nəticəsində Azərbaycan Ordusu hazırda dünyanın ən güclü orduları sırasındadır və Ordumuzun döyüş qabiliyyəti ili-ildən daha da artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR