Müdafiə Sənayesi Nazirliyində kollegiya iclası keçirilib

Müdafiə Sənayesi Nazirliyində kollegiya iclası keçirilib
# 21 yanvar 2013 14:27 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Müdafiə Sənayesi Nazirliyində (MSN) 2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Bu barədə APA-ya MSN-in mətbuat xidmətindən məlumat verilib.

İclasda çıxış edən nazir Yavər Camalov qeyd edib ki, 2012-ci ildə MSN müəssisələrində yeni istehsal sahələri - atıcı silahların yaradılması və təkmilləşdirilməsi üçün Təcrübə sınaq zavodu, fərdi əleyhqazların və xüsusi mühafizə vasitələrinin istehsalı və müxtəlif çaplı döyüş sursatlarının utilizasiyası sahələri yaradılmış və istismara verilib. Ötən il 2011-ci illə müqayisədə nazirlik üzrə istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi 12% artıb. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 700-ə çatdırılıb.

2012-ci ilin nəticələrinə görə istehsal olunmuş və sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2011-ci illə müqayisədə 10,3% artıb. Ötən il yaradılma işləri davam etdirilib, 18 mövzu və 55 mərhələ başa çatdırılıb. Bir sıra məmulatlar silahlanmaya tövsiyə edilib. İstehsalı mənimsənilmiş və seriyalı istehsalına başlanılmış yeni məmulatlar arasında yaylım atəşli reaktiv sistemi, zirehli texnikanın tırtılları, mühəndis texnikası üzrə elektron partlatma maşını, fərdi əleyhqaz, aviasiya bombaları, kollimator, top kollimatoru, müxtəlif minaatanlar, siqnal tapançası, zirehli texnikalar, artilleriya və atıcı silahların müxtəlif ehtiyat hissələri yer alıb.

2012-ci ildə mülki məmulatların istehsal həcmində də artım müşahidə olunub. Ümumi çeşidlərin sayı 400-ü ötüb. Nazirliyin müəssisələrində mülki məhsullardan neft-qaz sənayesində işlədilən müxtəlif növ dəstləşdiricilər, traktorlar üçün tırtılların, 4 və 6 laylı çap lövhələrinin, rəqəmsal teleyayıma keçidlə bağlı DVB-T tipli dekoderlərin çap lövhələri, gəmilərin təmiri üçün ehtiyat hissələr, səyyar yemək termosları, müxtəlif güclü akkumulyator batareyaları, 12 kalibrli qoşa lülə və yarımavtomat yivsiz ov tüfəngləri, işıqforlarda taymer sistemi, polis məntəqələri üçün teleskop tipli maneə sistemlərinin istehsalına başlanıb.

Müdafiə sənayesi sahəsinin yüksək ixtisaslı kadrlara olan tələbatının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Texniki Universitetində yaradılmış “Xüsusi texnika və texnologiya” fakültəsi bakalavr və magistr pillələri üzrə MSN-in verdiyi sifarişlər əsasında 2012-2013 tədris ilindən kadr hazırlığına başlanılıb. Ötən il Texniki Universitetin adıçəkilən fakültəsinə 5 müdafiə təyinatlı ixtisas üzrə 75 abituriyent qəbul olunub.

İclasda müdafiə sənayesinin inkişafındakı xidmətlərinə görə dövlət başçısının müvafiq sərəncamları ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmuş nazirliyin əməkdaşlarına fəxri adlar, medallar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR