Respublika hərbi prokurorunun müavini: “Hazırkı vəziyyətdə əsgərin intihar etməsi və ya öldürülməsini konkret demək mümkün deyil”

Respublika hərbi prokurorunun müavini:  “Hazırkı vəziyyətdə əsgərin intihar etməsi və ya öldürülməsini konkret demək mümkün deyil”
# 02 mart 2013 15:49 (UTC +04:00)

Meyitin daxili və xarici müayinələri aparılıb, video çəkilişlər edilib. Hazırda istintaq qrupu tərəfindən bütün zəruri istintaq hərəkətlərinin icrası davam etdirilir. Hadisənin baş vermə şəraiti, səbəbi araşdırılır”. Bunu APA-ya açıqlamasında Respublika Hərbi prokurorunun müavini Şəfaət İmranov deyib.

Ş. İmranov deyib ki, ekspertizanın tam nəticələri bəlli olmadığı üçün hazırkı vəziyyətdə əsgərin intihar etməsi və ya öldürülməsi barədə hər hansı konkret fikir söyləmək tezdir: “ Bir qədər səbirli olub ekspertizanın nəticələrini gözləmək lazımdır. Hər bir halda qanunla nəzərdə tutulmuş bütün tədbirlərin icrası həyata keçirilir, cinayət işi xüsusi nəzarət altındadır. Bütün qanuni addımlar atılacaq, hadisənin başvermə şəraiti və buna səbəb olan amillər müəyyən ediləcək. Hadisə ilə bağlı saxlanılanlar və məsuliyyətə cəlb olunanlar barədə yaxın günlərdə məlumat veriləcək. Bu barədə də hansısa açıqlama vermək hələ ki, tezdir”.

Ş. İmranov deyib ki, əsgərin ölümü ilə bağlı indiyə qədər yayılan məlumatlar yalnız ilkin təhqiqata və fərziyyələrə əsaslanıb: “Biz əsgərin intihar etməsi, həmçinin başqa şəxs tərəfindən öldürülməsi də daxil olmaqla bütün versiyaları araşdırır, istintaq hərəkətləri aparırıq. Son sözü ekspertizanın nəticələri açıqlanandan sonra demək mümkündür”.

Qeyd edək ki, dünən Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu əsgərin ölümü ilə bağlı birgə açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Allahverdiyev Seymur Mürvət oğlunun ölməsi faktı ilə əlaqədar hərbi prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu tərəfindən hadisə yerinə foto və video çəkiliş aparılmaqla baxış keçirilib, baxış zamanı hadisə yerindən iş üzrə əhəmiyyət kəsb edən əşyalar götürülüb, məhkəmə-tibbi ekspertin, prokurorun və müstəntiqin iştirakı ilə meyitin xarici və daxili müayinəsi aparılıb və digər zəruri təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

Mərhum Seymir Allahverdiyevin meyitinin xarici və daxili müayinəsi zamanı onun bədən səthində odlu silahdan açılmış atəşlər nəticəsində əmələ gəlməyə xarakterik xəsarətlərdən başqa, digər hər hansı xəsarət və ya xəsarət izləri, o cümlədən döyülmə nəticəsində əmələ gələ bilən hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib.

İlkin araşdırma ilə müəyyən edilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olan əsgər Allahverdiyev Seymur Mürvət oğlu 28 fevral 2013-cü il tarixdə, saat 15.10 radələrində döyüş postunda xidmət apararkən öz xidməti istifadəsində olan silahdan baş nahiyəsinə atəş açmaqla özünü öldürüb.

Faktla bağlı Respublika Hərbi Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanmışdır.

Hazırda Seymur Allahverdiyevin özünü öldürməsinin səbəb və şəraitinin, ona qarşı hər hansı zorakı hərəkətlərin edilib-edilməməsinin, həmçinin iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz intensiv istintaq hərəkətləri yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR