Zakir Həsənov Qaribaşvili ilə hərbi əməkdaşlığı müzakirə edib - VİDEO - YENİLƏNİB

Zakir Həsənov Qaribaşvili ilə hərbi əməkdaşlığı müzakirə edib - VİDEO  - YENİLƏNİB
# 14 noyabr 2022 15:30 (UTC +04:00)

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 14-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

MN-dən APA-ya verilən məlumata görə, əvvəlcə general-polkovnik Z.Həsənov nümayəndə heyəti ilə birgə Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanını ziyarət edib və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyub.

Sonra müdafiə naziri Gürcüstanın Baş naziri ilə görüşüb.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğu qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin oktyabr ayında Gürcüstana işgüzar səfərinin xüsusi əhəmiyyətə malik olduğu qeyd edilib və ümumilikdə dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi vurğulanıb.

Tərəflər regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edib, ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini bildiriblər.

***

13.22

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, məlumatı Gürcüstan hökumət administrasiyasının mətbuat xidməti yayıb.

Bildirilib ki, tərəflər iki ölkə arasında strateji tərəfdaşlığı və gələcək əməkdaşlığın gündəliyini müzakirə ediblər. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin oktyabrında Gürcüstana səfərinə diqqət yetirilib.

Qaribaşvili bu səfərin ölkələr arasında mehriban qonşuluq və dostluq münasibətlərini, ticarət-iqtisadi istiqamətlər də daxil olmaqla bir sıra sahələrdə əməkdaşlığın böyük potensialını bir daha nümayiş etdirdiyini vurğulayıb. Söhbət zamanı xalqların rifahı və regionun inkişafı üçün sülh və sabitliyin təmin edilməsinin vacibliyinə toxunulub. Baş nazir qeyd edib ki, Gürcüstan gələcəkdə də iki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasında dialoqu bütün mümkün yollarla təşviq etməyə hazırdır. Görüşdə İrakli Qaribaşvili tərəfindən irəli sürülmüş “Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsü”nə diqqət yetirilib. Hökumət başçısı Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Tərəflər sektorial əməkdaşlıq və regional əhəmiyyətli infrastruktur layihələrini də nəzərdən keçiriblər. Bildirilib ki, 2022-ci il yubiley tarixidir, çünki bu il Gürcüstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur.

Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR