Dövlət Xidməti: Azsaylı xalqların nümayəndələrinin məcburi cəbhəyə göndərilməsi barədə xəbərlər yalandır

Dövlət Xidməti: Azsaylı xalqların nümayəndələrinin məcburi cəbhəyə göndərilməsi barədə xəbərlər yalandır
  • Clock-gray 15:45
  • calendar-gray 27 Sentyabr 2020

Bu gün səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən APA-ya verilən məlumata görə, hal-hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir.

Tolerant və multikultural dəyərlərə malik Azərbaycan Respublikasında bütün millətlərin nümayəndələri mehriban, dostluq və əminamanlıq şəraitində  yaşayır. Bəzi xarici saytlar, informasiya agentlikləri və sosial şəbəkə istifadəçiləri təxribat xarakterli məlumatlar yayaraq Azərbaycan Silahlı Qüvvələrinin uğurlu döyüş əməliyyatlarına kölgə salmağa çalışırlar. Ölkədə yaşayan azsaylı xalqların nümayəndələrinin məcburi qaydada cəbhə bölgəsinə göndərilməsi kimi həqiqətə uyğun olmayan absurd və böhtan xarakterli məlumatların heç bir əsası yoxdur və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu cür dezinformasiyaları qətiyyətlə təkzib edir.

Bildiririk ki, zərurət yarandığı halda etnik mənşəyindən asılı olmayaraq ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb ediləcəkdir.

apa-logo-mini

Digər xəbərlər