Gədəbəydə hərbi sursatlar tapılıb

Gədəbəydə hərbi sursatlar tapılıb
  • Clock-gray 18:31
  • calendar-gray 05 Mart 2020

Martın 5-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gədəbəy rayonu ərazisində yerləşən “Dərman bulağı” adlanan ərazidə içərisində döyüş sursatı və ov silahı güman olunan kisənin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya bildirilib ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Gədəbəy rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd “HALİFAX” markalı ov tüfəngi, 1 ədəd “İJ SPL” markalı tapança, 151 ədəd müxtəlif çaplı patronlar və 2 ədəd avtomat darağı (boş) aşkar olunub, tüfəng və tapança ballistik və trasoloji ekspertiza üçün Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib, hərbi təyinatlı əşyalar isə zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı əşyaların ətrafında 300 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Əsmər Qabil

Digər xəbərlər