Polkovnik: “Ordumuzun 5-ci nəsil döyüş təyyarələri ilə gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir”

Polkovnik: “Ordumuzun 5-ci nəsil döyüş təyyarələri ilə gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir”
  • Clock-gray 16:54
  • calendar-gray 27 Fevral 2020

“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fevralın 20-də İtaliya Respublikasına rəsmi səfəri zamanı Azərbaycan ilə İtaliya arasında bir sıra mühüm sənədlər imzalanıb. İmzalanan sənədlər arasında Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və İtaliyanın “Leonardo S.p.A” şirkətinin icraçı direktoru Alessandro Profumo tərəfindən imzalanan “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A" arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə”ni xüsusi qeyd etmək olar. Artıq bir neçə ildir ki, Azərbaycan HHQ-də genişmiqyaslı islahatlar aparılır. Xüsusilə də, aviabazaların modernləşdirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində önəmli addımlar atılır”.

APA-nın məlumatına görə, bunu İtaliya Respublikasından "M-346" tipli təlim-məşq təyyarələrinin alınmasını şərh edərkən Hərbi Hava Qüvvələrinin (HHQ) polkovniki Namiq İslamzadə qeyd edib. O bildirib ki, Hazırda Azərbaycan HHQ-nin sərəncamında olan aviasiya vasitələrinin böyük bir hissəsi müasir standartlara cavab verir: “Son illərdə Azərbaycan HHQ üçün əldə edilən təlim təyyarələri barədə aparılan müzakirələrdə üstünlük əsasən İtaliya və Pakistan istehsalı olan aviasiya vasitələrinə verilib. Bu baxımdan 2017-ci ilin iyul ayında Azərbaycan Hərbi Hava Qüvvələri ilə Pakistanın PAC KAMRA şirkəti arasında imzalanan müqaviləyə əsasən 10 ədəd MFİ-395 “Super Muşşak” təyyarəsinin əldə edilməsini və həmin ilin mayın 10-da Azərbaycan HHQ-nin aviabazalarından birində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə İtaliya Respublikasının “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv “M-346” tipli təyyarənin təqdimatının keçirilməsini xüsusilə vurğulamaq olar”.  

Qeyd edək ki, "M-346" tipli təyyarələrin əldə edilməsi gənc hərbi pilotlarımızın peşakarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq. Eyni zamanda "M-346" təyyarəsi 4++ və 5-ci  nəsil müasir çoxməqsədli təyyarələr üçün keçid təyyarəsi kimi istifadə olunur. Azərbaycan HHQ-nin silahlanmasına bu tip aviasiya vasitələrinin daxil edilməsi onun döyüş imkanlarını genişləndirməklə yanaşı Ermənistan üzərində hava məkanındakı üstünlüyünü daha da artıracaq.

Sonda xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan HHQ-nin arsenalının 5-ci nəsil döyüş təyyarələri ilə gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir və bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək.

apa-logo-mini

Digər xəbərlər