Nazir müavini: “Hərbi qulluqçuların fərdi tərbiyəsinə xüsusi diqqət yetirilir”

Nazir müavini: “Hərbi qulluqçuların fərdi tərbiyəsinə xüsusi diqqət yetirilir”
# 17 iyul 2019 12:28 (UTC +04:00)

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “2019-cu tədris ilinin birinci yarımili ərzində ideoloji iş və mənəvi-psixoloji təminat, hərbi intizamın möhkəmləndirilməsi sahəsində görülmüş işlər və bu istiqamətdə qarşıda duran vəzifələr” mövzusunda hərbi hissə və birləşmələrin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinlərinin və psixoloqların toplantısı keçirilib.

Müdafiə Nazirliyindən (MN) APA-ya verilən məlumata görə, müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev toplantıda çıxış edərək qeyd edib ki, 2019-cu tədris ilinin birinci yarımili ərzində əvvəlcədən təsdiq olunan planlar həyata keçirilib. Nazir müavini hərbi qulluqçuların fərdi tərbiyəsinə xüsusi diqqət yetirildiyini, onların hərbi kollektivdə şəxsiyyət kimi formalaşması üçün məqsədyönlü tərbiyəvi tədbirlər həyata keçirildiyini vurğulayıb.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Rasim Əliyev ötən yarımil ərzində hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji təminat, hərbi intizamın yüksəldilməsi, hərbi qulluqçuların asudə vaxtının düzgün təşkili, sosial müdafiəsinin gücləndirilməsi və digər sahələrdə görülmüş işlər barədə ətraflı çıxış edib.

Sonra ordumuzda ideoloji iş və mənəvi-psixoloji təminatın səviyyəsinin artırılması, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində komandir heyətinin məsuliyyəti, hərbi intizamın möhkəmləndirilməsi, hərbi xidmətdə təhlükəsizliyin təmin edilməsi və digər mövzularda müzakirələr aparılıb və növbəti yarımildə qarşıda dayanan əsas vəzifələrdən danışılaraq müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR